Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU | ƏN DƏYƏRLİ HƏDİYYƏ

Ən yaxşı hədiyyə axtarışında

Ən yaxşı hədiyyə axtarışında

İdeal hədiyyə tapmaq o qədər də asan iş deyil. Axı hədiyyəyə əsl qiyməti bağışlayacağımız şəxs verəcək. Üstəlik, kiminsə ideal hesab etdiyi hədiyyə digərinin xoşuna gəlməyə bilər.

Məsələn, yeniyetmələr son model elektron cihazları ideal hədiyyə hesab etdiyi halda, böyüklər daha çox mənəvi dəyəri olan, misal üçün, nəsildən-nəslə keçən hədiyyələrə üstünlük verir. Bəzi mədəniyyətlərdə isə insanın öz istədiyi şeyi alması üçün pul hədiyyə olunur.

Hər nə qədər asan olmasa da, əksər insanlar əzizləri üçün yaxşı hədiyyə tapana qədər axtarışda olurlar. Düzdür, ideal hədiyyəni tapmaq həmişə mümkün olmur, amma vacib amilləri nəzərə almaq şansımızı artıracaq. Gəlin bu amillərdən dördünü nəzərdən keçirək.

Hədiyyə verəcəyiniz şəxsin istəyi. Belfastdan (Şimali İrlandiya) olan bir kişi 10—11 yaşlarında aldığı yarış velosipedini ən gözəl hədiyyə hesab edir. O deyir: «Bu mənim ən çox istədiyim şey idi». Həqiqətən də, hədiyyə alan şəxsin istəyindən çox şey asılıdır. Hədiyyə etməyi düşündüyünüz birini xatırlayın. O nələrə dəyər verir? İnsanın dəyər verdiyi şeylərə əsasən, onun nə istədiyini müəyyən etmək olar. Məsələn, nənə-babalar üçün həyatda ən dəyərli şey ailələri ilə birgə vaxt keçirməkdir. Sözsüz ki, onlar uşaqlarını və nəvə-nəticələrini tez-tez görməyi daha çox istəyərlər. Bu səbəbdən ailəvi tətilə çıxarkən onları da özünüzlə aparmaq ən gözəl hədiyyə ola bilər.

İnsanın nə istədiyini müəyyən etməyin ən yaxşı yolu onu diqqətlə dinləməkdir. Müqəddəs Kitabda deyilir ki, insan «eşitməyə hazır olmalı, danışmağa... tələsməməlidir» (Yaqub 1:19). Doğmalarınız və dostlarınızla söhbət zamanı nələri sevib-sevmədiklərini bilmək üçün onlara diqqətlə qulaq asın. Onda hədiyyə seçimində yanılmayacaqsınız.

Hədiyyə verəcəyiniz şəxsin ehtiyacları. İnsanın ehtiyacı olan bir şeyi hədiyyə ediriksə, ən kiçik hədiyyə belə onu sevindirəcək. Bəs insanın nəyə ehtiyac duyduğunu necə bilmək olar?

İlk baxışdan elə gələ bilər ki, ən yaxşısı, bunu insanın özündən soruşmaqdır. Amma bəzilərinin fikrincə, insanın nəyə ehtiyacı olduğunu soruşmaq sürprizi öldürür. Üstəlik, bəzən insanlar nəyi sevdiklərini rahat desələr də, nəyə ehtiyac duyduqlarını deməyi xoşlamırlar.

Bu səbəbdən müşahidəçi olun və hədiyyə verdiyiniz şəxsin gənc, yaşlı, subay, evli, boşanmış, dul, işləyən, yoxsa təqaüdçü olduğunu nəzərə alaraq hədiyyə seçin.

Hədiyyə verəcəyiniz insanın nəyə ehtiyacı olduğunu bilmək üçün onun vəziyyətində olan birisi ilə məsləhətləşmək olar. Həmin adam bilmədiyiniz məqamlar barədə məlumat verə bilər. Bunun sayəsində başqalarının ağlına gəlməyən bir hədiyyə bağışlamış olarsınız.

Münasib vaxt. Müqəddəs Kitabda deyilir: «Yerində deyilən söz nə gözəldir!» (Məsəllər 15:23). Bu ayə göstərir ki, sözü nə vaxt deməyimizdən çox şey asılıdır. Eyni şeyi hərəkətlərimiz haqqında da demək olar. Yerində deyilən sözlər insanı sevindirdiyi kimi, münasib vaxtda, yaxud hansısa özəl gündə bağışlanan hədiyyə də insana daha çox sevinc gətirə bilər.

Kimisi ailə qurmağa, kimisi məzun olmağa hazırlaşır, yaxud hansısa cütlük uşaq gözləyir. Bunlar hədiyyə verilən xüsusi günlərdən bir neçəsidir. Bəziləri il ərzində gözlənilən bu cür hadisələrin siyahısını tutmaqla həmin günə uyğun ən gözəl hədiyyəni əvvəlcədən planlaşdırırlar *.

Sözsüz ki, hədiyyə yalnız xüsusi günlərdə verilməməlidir. İstənilən vaxt hədiyyə verib, bunun sevincini yaşamaq olar. Ancaq hədiyyə verərkən diqqətli olmaq lazımdır. Məsələn, oğlanın qıza durduq yerdə hədiyyə verməsi səhv anlaşıla və problemlərə gətirib çıxara bilər. Çünki qız düşünə bilər ki, oğlanın ondan xoşu gəlir. Ona görə də hədiyyə verərkən növbəti amili nəzərə almaq vacibdir.

Hədiyyə verənin niyyəti. Yuxarıdakı nümunə göstərir ki, hədiyyə verən şəxs nəzərə almalıdır ki, niyyəti səhv anlaşıla bilər. Amma yenə də yaxşı olardı ki, o, öz niyyətini yoxlasın. Məsələn, bəziləri bayramlarda məcburiyyət qarşısında qalaraq hədiyyə verirlər. Bir başqaları bunu qarşılıq umduqları üçün, yəni təmənnalı şəkildə edirlər. Bu cür hədiyyələrə sidq-ürəklə verilən hədiyyə demək olarmı?

Hədiyyəni saf niyyətdən irəli gələrək verdiyinizi necə yoxlaya bilərsiniz? Müqəddəs Kitabda yazılıb: «Hər bir işi məhəbbətlə görün» (1 Korinflilərə 16:14). Əgər hədiyyəni sevgidən irəli gələrək versəniz, bu onu alan şəxsə böyük sevinc bəxş edəcək. Üstəlik, hədiyyəni səmimi-qəlbdən verdiyiniz üçün özünüz də xoşbəxt olacaqsınız. Bu, Allaha da xoş gedəcək. Müqəddəs Kitabda ehtiyac içində olan dindaşlarına səxavət göstərdiklərinə görə təriflənən sadiq bəndələr barədə növbəti sözlər yazılıb: «Allah gülərüzlə verəni sevir» (2 Korinflilərə 9:7).

Sadalanan amilləri nəzərə almaq başqalarının könlünü oxşayan hədiyyə verməyinizə kömək edəcək. Məhəbbətli Yaradanımız bəşəriyyət üçün ən dəyərli hədiyyəni bəxş edəndə bu və daha çox amili nəzərə almışdı. Növbəti məqalədə bunun hansı hədiyyə olduğu açıqlanacaq.

^ abz. 13 Çoxları ad günlərində və bayramlarda hədiyyə verirlər. Hərçənd bu tədbirlərin əksəriyyəti Müqəddəs Kitab təlimlərinə ziddir. Bu jurnalın «Oxucularımız soruşur... Milad bayramını qeyd etmək düzgündür?» adlı məqaləsini oxuya bilərsiniz.