Kontentə keç

Mündəricatı göstər

Emosional sağlamlıq

Emosional sağlamlıq

Müqəddəs Kitabda mənfi hissləri özümüzdən uzaqlaşdırmaq, müsbət hissləri isə özümüzdə yetişdirmək məsləhət görülür.

QƏZƏB

MÜQƏDDƏS KİTAB MƏSLƏHƏTİ: «Səbrini basan güclü adamdan yaxşıdır» (Məsəllər 16:32).

MƏĞZİ: Hissləri cilovlamağın insana böyük faydası var. Bəzən insanın qəzəblənməsinə əsaslı səbəb olur. Lakin qəzəbi cilovlamayanda axırı yaxşı olmur. Müasir tədqiqatçılar bildirirlər ki, çox vaxt insan hirsli vaxtında dediyi sözlərə və etdiyi hərəkətlərə görə sonradan peşman olur.

TƏTBİQİ: Qəzəb sizə hakim kəsilməmiş siz qəzəbə hakim olun. Bəzi insanlar fikirləşir ki, qəzəb güclü olmağın əlamətidir, əslində isə bu, zəifliyin əlamətidir. Müqəddəs Kitabda deyilir: «Təmkinsiz adam divarı uçurulmuş, divarsız şəhərə bənzəyir» (Məsəllər 25:28). Nəsə deməzdən, yaxud etməzdən əvvəl vəziyyətə yaxşı bələd olmaq qəzəbi cilovlamağa kömək edir. «Anlayış hiddəti ləngidər» (Məsəllər 19:11). Yaxşı olardı ki, məsələni hərtərəfli araşdırasınız. Bu zaman vəziyyəti daha yaxşı başa düşəcəksiniz. Bu isə hisslərinizi ələ almağa kömək edəcək.

MİNNƏTDARLIQ

MÜQƏDDƏS KİTAB MƏSLƏHƏTİ: «Şükür edənlərdən olun» (Koloslulara 3:15).

MƏĞZİ: Deyilənə görə təkcə ürəyində minnətdarlıq hissi olan insanlar xoşbəxt ola bilər. Hətta böyük itki ilə üzləşən insanlar da bunu təsdiq edə bilər. Onlar deyirlər ki, daima itirdikləri şey barədə düşünməmək, sahib olduqları şeyə görə minnətdar olmaq emosional cəhətdən sağalmaqlarında çox böyük rol oynayıb.

TƏTBİQİ: Hər gün minnətdar olduğunuz şeylərin siyahısını yazın. Vacib deyil ki, onlar böyük şeylər olsun. Bu, kiçik şeylər də ola bilər, məsələn, günəşin çıxması, sevdiyiniz insanla xoş söhbət, yaxud sadəcə gözünüzü açdığınız növbəti səhər barədə düşünün. Bu müsbət şeylər emosional sağlamlığın bərpa olunmasına böyük töhfə verə bilər. Bir şərtlə ki, onlar barədə düşünəsiniz və onlara görə şükür edəsiniz.

Xüsusilə də ailə üzvlərinizin, dostlarınızın sizdə minnətdarlıq hasil edən cəhətləri üzərində düşünün. İnsanlarda dəyər verdiyiniz keyfiyyətləri müəyyən etdikdən sonra bunu onlara bildirin. Bunu ya həmin adamın birbaşa özünə demək olar və ya məktub, e-mail, mesaj yazmaqla bildirmək olar. Bu sizin münasibətlərinizi möhkəmləndirəcək. Həmçinin kiməsə xoş nəsə etməyin sevincini dadacaqsınız (Həvarilərin işləri 20:35).

DİGƏR MƏSLƏHƏTLƏR

Müqəddəs Kitabın və Müqəddəs Kitaba əsaslanan nəşrlərin audio yazısını jw.org saytından yükləyə bilərsiniz. Müqəddəs Kitabın audio yazısı bu saytda təxminən 40 dildə əlçatandır

MÜBAHİSƏDƏN QAÇIN

«Davanı başlamaq su bəndini açmağa bənzər; dava başlamamış oradan uzaqlaş» (MƏSƏLLƏR 17:14).

GƏLƏCƏK ÜÇÜN HƏDDƏN ARTIQ NARAHAT OLMAYIN

«Heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək. Hər günün dərdi özünə bəsdir» (MƏTTA 6:34).

HİSSLƏRƏ QAPILMAYIN, DÜŞÜNƏRƏK HƏRƏKƏT EDİN

«Düşüncə səni qoruyar, bəsirət səni hifz edər» (MƏSƏLLƏR 2:11).