Kontentə keç

Mündəricatı göstər

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

Təkcə özüm üçün yaşayırdım

Təkcə özüm üçün yaşayırdım
  • TƏVƏLLÜD: 1951

  • ÖLKƏ: ALMANİYA

  • KEÇMİŞİ: QÜRURLU VƏ ÖZBAŞINA OLUB

KEÇMİŞİM:

Ailəm Şərqi Almaniyada, Çexiya ilə Polşanın sərhədlərindən o qədər də uzaq olmayan Leypsiq şəhərinin yaxınlığında yaşayırdı. Ömrümün ilk illəri burada keçib. Altı yaşım olanda atamın işi ilə əlaqədar xaricə — əvvəlcə Braziliyaya, sonra isə Ekvadora köçdük.

14 yaşımda ikən məni Almaniyaya, internata göndərdilər. Valideynlərim çox uzaqda, Cənubi Amerikada olduqları üçün özüm öz qeydimə qalmalı idim. Özbaşına olmuşdum, heç kəsdən asılılığım yox idi. Hərəkətlərimin başqalarına necə təsir edəcəyi vecimə deyildi.

17 yaşım olanda valideynlərim Almaniyaya geri qayıtdılar. Təzə-təzə gələndə onlarla yaşadım. Sərbəstliyə öyrəşdiyimdən ailəmə heç cürə isinişə bilmədim. 18 yaşımda evdən getdim.

Həyatın mənasını tapmaq üçün nələr eləmədim! Heç yerdə qərar tuta bilmirdim: müxtəlif həyat tərzlərini sınadım, müxtəlif təşkilatlara qoşuldum. Lakin sonra qərara gəldim ki, insanlar bu gözəl planeti məhv etməmiş həyatımı onu tədqiq etməyə həsr edim.

Almaniyanı tərk edib motosikletlə Afrikaya yollandım. Amma çox keçmədi ki, motosikletimi təmir etdirmək üçün Avropaya qayıdası oldum. Bir az vaxt keçdikdən sonra gözümü açdım ki, Portuqaliyanın sahillərindəyəm. Fikirləşdim, nə qədər motosikletlə gəzdim bəsdir, indi də bir az qayıqla üzüm.

Atlantik okeanın o biri tayına keçməyə hazırlaşan gənclərə qoşuldum. Onların arasında Lori adında bir qız da var idi. Sonradan o, mənim həyat yoldaşım oldu. Əvvəlcə Karib adalarına getdik. Puerto–Rikoda qısa müddət qaldıqdan sonra Avropaya geri döndük. Ümid edirdik ki, yelkənli qayıq tapacağıq və ondan içində yaşayış üçün şəraiti olan mühərrikli qayıq düzəldəcəyik. Amma üç ay çəkən axtarışlarımızdan sonra qəfil planlarımız yarımçıq qaldı. Məni əsgərliyə çağırdılar.

15 ay Almaniya hərbi dəniz qüvvələrində xidmət etdim. Elə bu ərəfələrdə Lori ilə evləndik və səyyar həyat tərzimizi davam etdirmək üçün planlar cızdıq. Əsgərliyə getməmişdən bir az əvvəl xilasedici qayığın korpusunu almışdıq. Əsgərliyimi çəkən vaxtda korpusdan yavaş-yavaş kiçik gəmi düzəltdik. Lori ilə mən düşünürdük ki, bu gəmidə yaşayıb, gözəl planetimizi tədqiq etməyə davam edərik. Elə bu vaxt — əsgərliyi başa vurduğum, amma gəminin təmirini tam bitirmədiyim vaxtda Yehovanın Şahidləri ilə tanış olduq və Müqəddəs Kitabı öyrənməyə başladıq.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ:

Əvvəl-əvvəl fikirləşirdim ki, dəyişməyimə elə də ehtiyac yoxdur. Yaşadığım qadınla evli idim və artıq siqareti tərgitmişdim (Efeslilərə 5:5). Dünyanı gəzmək planlarımıza gəldikdə isə, elə hesab edirdim ki, həyatımızı Allahın ecazkarcasına yaratdığı şeylərin seyrinə çıxmaq üçün həsr etməyə dəyər.

Amma, əslində, çox şeyi dəyişməli idim, xüsusilə də xasiyyətimi. Mən son dərəcədə məğrur və öz bildiyini edən olduğum üçün fikrim-zikrim ancaq öz bacarıq və nailiyyətlərimdə idi. Təkcə özüm üçün yaşayırdım.

Bir gün mən İsa Məsihin məşhur Dağüstü təbliğini oxudum. (Matta, 5—7 fəsillər.) Birinci dəfə İsanın xoşbəxtlik haqda dediklərini oxuyanda çaş-baş qaldım. Misal üçün, o demişdi ki, aclar və susayanlar xoşbəxtdir (Matta 5:6). Başa düşə bilmirdim ki, kasıbçılıq insanı necə xoşbəxt edə bilər. Lakin öyrənməyə davam etdikcə anladım ki, hər birimizin ruhani ehtiyacları var, amma onları təmin etməzdən qabaq, belə ehtiyaclarımızın olduğunu təvazökarlıqla qəbul etməliyik. İsa Məsihin də sözünün canı elə bu idi: «Ruhani ehtiyaclarını dərk edənlər nə xoşbəxtdirlər» (Matta 5:3, haşiyə).

Almaniyada Müqəddəs Kitabı öyrənməyə başlayandan sonra Lori ilə mən əvvəlcə Fransaya, sonra isə İtaliyaya köçdük. Getdiyimiz hər yerdə Yehovanın Şahidləri ilə rastlaşırdıq. Onların bir-birlərinə olan səmimi məhəbbəti və aralarındakı birlik məndə dərin təəssürat oyatdı. Yehovanın Şahidlərinin beynəlxalq qardaşlıq olduğuna əmin oldum (Yəhya 13:34, 35). Bir müddətdən sonra biz vəftiz olaraq Yehovanın Şahidi olduq.

Vəftiz olandan sonra da xasiyyətimi dəyişməyə davam etdim. Lori ilə mən üzüaşağı Afrika sahillərinə, oradan isə Atlantik okeanı keçərək ABŞ-a getmək qərarına gəldik. Ucsuz-bucaqsız okeanın ortasında balaca qayıqla üzərkən əzəmətli Yaradanımızla müqayisədə nə qədər kiçik olduğumu anladım. Vaxtım çox idi (sən deyən, okeanın ortasında bir o qədər də iş-güc olmur), buna görə ürəyim istəyən qədər Müqəddəs Kitab oxuyurdum. İsa peyğəmbərin həyatı haqda oxuyanda lap təsirləndim. Onun heç ağlıma belə gətirə bilməyəcəyim qabiliyyətləri olmasına baxmayaraq, özünü gözə soxmurdu. O, özü üçün yox, Allah üçün yaşayırdı.

Allahın Padşahlığını həyatımda hər şeydən üstün tutmalıyam

İsa Məsihin nümunəsi üzərində düşündükcə dərk etdim ki, Allahın Padşahlığını həyatımda hər şeydən üstün tutmalıyam, hər istədiyimi həyata keçirməyə çalışmamalıyam (Matta 6:33). Birləşmiş Ştatlara çatanda Lori ilə birlikdə düşündük ki, artıq burada qalıb ibadətlə məşğul olaq.

MƏNƏ FAYDASI:

Keçmişdə sürdüyüm xudbin həyat tərzi ucbatından düz-əməlli qərarlar verə bilmirdim. Amma indi mənə düzgün yol göstərən hikmət mənbəyi tapmışam (Yeşaya 48:17, 18). Həmçinin bu vaxta qədər axtardığım həyatın mənasını tapdım. Həyatın mənası Allaha ibadət etmək və insanlara Yaradan haqda öyrətməkdədir.

Müqəddəs Kitab prinsiplərini tətbiq etdikcə ailəmiz möhkəmlənirdi. Allah bizə bir övlad payı verdi, qızımız Allaha çox bağlı uşaqdır.

Həyatımız həmişə sakit dəniz səyahəti kimi olmur. Amma biz Yehovanın köməkliyi ilə Ona ibadətdə möhkəm durmağa və Ona sonadək etibar etməyə qəti qərarlıyıq (Süleymanın məsəlləri 3:5, 6).