Kontentə keç

Mündəricatı göstər

İNDONEZİYA

Erkən təbliğ üsulları

Erkən təbliğ üsulları

Radio yayımlar

1933-cü ildə qardaşlar Cakartada radiostansiya açdılar. Oradan Ruterford qardaşın ingiliscə məruzələri yayımlanırdı. Üstəlik, həqiqətlə maraqlanan bir kişi Niderland dilində məruzələr oxuyurdu. Bu yayımlar böyük marağa səbəb olurdu və bunun sayəsində qardaşlar daha çox ədəbiyyat paylayırdılar.

Ruterford qardaşın «Müqəddəs ilin sülh və firavanlığa təsiri» adlı atəşli nitqi radiostansiyadan yayımlananda katolik ruhanilərinin səbri tükəndi *. Ruhanilər öz əlaltıları vasitəsilə radiostansiyaya səs yazıları gətirən De Şumaxer qardaşı «böhtan atmaqda, rişxənd etməkdə və düşmənçilikdə» ittiham etdilər. De Şumaxer qardaş ittihamlara vüqarla sinə gərdi. Onu 25 qulden * cərimə etdilər, üstəlik, məhkəmə xərclərini ödəməli oldu. Bu məhkəmə barədə üç məşhur qəzetdə yazılmışdı. Nəticədə daha böyük şahidlik verildi.

Nur daşıyıcısı

1935-ci il iyulun 15-i Gözətçi Qülləsi Cəmiyyətinə məxsus «Nur daşıyıcısı» adlı 16 metr uzunluğunda olan gəmi altı ay Sidneydə (Avstraliya) təbliğ səyahəti etdikdən sonra Cakartaya çatdı. Gəmidə yeddi şövqlü öncül var idi. Onlar xoş xəbəri İndoneziya, Sinqapur və Malayziyada yaymaq əzmində idilər.

İki ildən çox öncüllər «Nur daşıyıcısı» ilə İndoneziyanın böyük və kiçik limanlarını gəzərək külli-miqdarda Müqəddəs Kitaba əsaslanan ədəbiyyat paylamışdılar. Ceyn Deşamp deyir: «Kiçik limanlara daxil olanda gəmi heyəti fonoqrafı qoşaraq həmin vaxt Gözətçi Qülləsi Cəmiyyətinin prezidenti olan Ruterford qardaşın məruzələrini səsləndirirdi. Təsəvvür edin, ucqar malay kənd sakinləri böyük bir yaxtanın onların limanına yan aldığını görəndə, ətrafı bürüyən güclü səsi eşidəndə necə heyrətə gəlirdilər. Onlar elə bil uçan boşqab görürdü».

Qardaşların cəsarətlə etdiyi təbliğdən hiddətlənən ruhanilər hökuməti təhrik elədilər ki, «Nur daşıyıcısı»nın İndoneziyanın əksər limanlarına girişini qadağan etsin. İndoneziyada təbliğ işində möhtəşəm nailiyyətlər əldə edən «Nur daşıyıcısı» 1937-ci ildə Avstraliyaya qayıtdı.

«Nur daşıyıcısı»nın gəmi heyəti

^ abz. 5 Ruterford qardaşın məruzəsi Roma katolik kilsəsinin yalan təlimlərini, siyasi və komersiya işlərini ifşa edirdi.

^ abz. 5 İndiki pulla 300 ABŞ dolları.