Kontentə keç

Mündəricatı göstər

Allah qadınların ləyaqətinə hörmətlə yanaşır

Allah qadınların ləyaqətinə hörmətlə yanaşır

İSA həyatı boyu səmavi Atasının xüsusiyyətlərini mükəmməl surətdə əks etdirirdi. O demişdi ki, özündən heç bir şey etmir. Sonra isə əlavə etmişdi: «Ata mənə nə öyrədibsə, mən də onu danışıram... Mən həmişə Onun bəyəndiyi işləri görürəm» (Yəhya 8:28, 29; Koloslulara 1:15). İsanın qadınlarla rəftarını və onlara hansı münasibəti bəslədiyini öyrənməklə Allahın qadınlara münasibətini və onlardan nə gözlədiyini başa düşəcəyik.

İncili araşdıran bir sıra alimlər belə qənaətə gəlmişlər ki, İsanın qadınlarla rəftarı o zəmanə üçün sözün əsl mənasında inqilabi idi. Onlar nəyi nəzərdə tuturlar? Və İsanın təlimləri bu gün qadınlara azadlıq verirmi?

İsa qadınlarla necə rəftar edirdi?

İsa düşünmürdü ki, qadınlar kişilərin cinsi həvəslərini ödəmək üçün yaradılıblar. Yəhudi dininin bəzi rəhbərləri o fikirdə idilər ki, qadınlarla ünsiyyət mütləq şəhvətə gətirib çıxarır. Qadının kişini günaha sürüklədiyini düşündükləri üçün ona ictimaiyyət içində kişi ilə söhbət etməyə və ya evdən örtüksüz çıxmağa icazə vermirdilər. Bunun əksinə olaraq, İsa kişilərə cinsi istəklərini cilovlamağı və qadının ünsiyyətinə məhdudiyyətlər qoymaq əvəzinə ona hörmətlə yanaşmağı tövsiyə edirdi (Mətta 5:28).

O dövrdə ravvin təliminə əsasən, kişi «hər səbəbə görə» arvadını boşaya bilərdi (Mətta 19:3, 9). Ancaq İsa «arvadını boşayıb başqası ilə evlənən boşadığı arvada qarşı zina edir» sözləri ilə bu təlimi təkzib etmişdi (Mark 10:11, 12). Yəhudilərin əksəriyyəti üçün kişinin arvadına qarşı zina etməsi fikri yeni və qəribə idi. Çünki ravvin təliminə görə «zina» sözü qətiyyən kişiyə aid deyildi, ancaq qadın xəyanətkar ola bilərdi! Bir kitabda belə deyilir: «Kişiyə də, qadına da eyni əxlaq dəyərlərini şamil etməklə İsa qadınların mövqeyini ucaltdı və onların hörmətə layiq olduqlarını göstərdi».

Məsihin təlimi bu gün insanların həyatını necə dəyişir? Yehovanın Şahidlərinin yığıncağında qadınlar kişilərlə sərbəst şəkildə ünsiyyət edirlər. Onlar qorxmurlar ki, kişilər onlara pis gözlə baxar və ya onlara qarşı artıq-əskik hərəkət edərlər, çünki məsihi kişilər ağbirçəklərə ana kimi, cavan qadınlara bacı kimi, təmiz niyyətlə yanaşırlar (1 Timutiyə 5:2).

İsa qadınlara təlim verirdi. Ravvinlərin fikrincə, qadına savad lazım deyildi. İsa isə əksinə qadınlara təlim verir və hətta istəyirdi ki, onlar da öz fikirlərini çəkinmədən bildirsinlər. O, bilik almağa böyük həvəsi olan Məryəmi tərifləməklə göstərmişdi ki, qadının yeri ancaq mətbəx deyil (Luka 10:38—42). Məryəmin bacısı Marta da İsanın təlimlərindən çox şey öyrənmişdi. Bunu İlazərin ölümündən sonra onun İsaya verdiyi ağıllı cavablardan görmək olar (Yəhya 11:21—27).

İsa qadınların fikirlərinə biganə deyildi. O dövrdə əksər yəhudi qadınları düşünürdülər ki, həyatda ən böyük səadət dünyaya layiqli bir oğul gətirməkdir. Peyğəmbərlərin analarını isə dünyanın ən xoşbəxt qadınları sanırdılar. Bir dəfə bir qadın İsaya demişdi: «Səni bətnində daşıyan... qadın nə xoşbəxtdir!» İsa ona bildirmişdi ki, bundan da böyük xoşbəxtlik var (Luka 11:27, 28). İzah etmişdi ki, əsl xoşbəxtlik Allahla münasibətlərin olmasındadır, qadının ənənəvi rolunda deyil (Yəhya 8:32).

Məsihin təlimi bu gün insanların həyatını necə dəyişir? Məsihi yığıncağında qadınların şərh verməsi xoş qarşılanır. Yığıncağa təlim verən kişilər ruhən yetkin qadınları yüksək qiymətləndirir, çünki onlar həm sözdə, həm əməldə yaxşı şeylər öyrədirlər (Titusa 2:3). Qadınlar həmçinin Allahın Padşahlığı haqda xoş xəbəri hər yerdə bəyan edirlər (Zəbur 68:11; doqquzuncu səhifədəki  «Həvari Bulus qadınlara danışmağı qadağan edirdi?» adlı çərçivəyə bax).

İsa qadınlara qayğı ilə yanaşırdı. Qədimdə oğlan uşaqlarına qız uşaqlarından daha çox dəyər verilirdi. O vaxtkı düşüncə tərzi Talmudda belə əks olunub: «Oğul sahibləri nə bəxtəvərdir, vay qız sahibinin halına!» Bəziləri üçün qız uşağı böyük yük demək idi; qız uşağını ərə vermək, onun üçün cehiz yığmaq lazım idi. O, yaşlı valideynlərinə arxa-dayaq olmayacaqdı.

Ancaq İsa göstərdi ki, qız uşağının həyatı oğlan uşağının həyatı qədər dəyərlidir. O həm Yairin qızını, həm də Nain şəhərindən olan dul qadının oğlunu diriltmişdi (Mark 5:35, 41, 42; Luka 7:11—15). İsa «içinə cin girmiş» və «düz on səkkiz il idi ki, naxoş olan» qadını sağaldandan sonra onu «İbrahimin qızı» adlandırmışdı. Bu ifadəyə yəhudi ədəbiyyatında demək olar ki, rast gəlinmir (Luka 13:10—16). Bu hörmətcil və eyni zamanda mehriban ifadəni işlətməklə İsa göstərdi ki, o, həmin qadını nəinki cəmiyyətin tamhüquqlu üzvü, həm də böyük iman sahibi hesab edir (Luka 19:9; Qalatiyalılara 3:7).

Məsihin təlimi bu gün insanların həyatını necə dəyişir? Şərqdə yayılmış bir məsəldə deyilir: «Qız böyütmək qonşunun bağını sulamaq kimi bir şeydir». Məsihilər yol vermirlər ki, bu cür fikirlər onlara təsir göstərsin. Əksinə, məsihi atalar həm qız, həm də oğlan övladlarını sevirlər. Onların sağlamlığının və lazımi təhsil almasının qayğısına qalırlar.

İsa Məcdəlli Məryəmə şərəfli iş, dirilmə xəbərini həvarilərə çatdırmağı tapşırır

İsa qadınlara etibar edirdi. Yəhudi məhkəmələrində qadının verdiyi şəhadət qulun verdiyi şəhadətə bərabər tutulurdu. Eramızın birinci əsrində yaşamış yəhudi tarixçisi İosif Flavi belə tövsiyə edirdi: «Qadınların xislətindəki yelbeyinliyə və düşüncəsizliyə görə onlardan heç bir şəhadət qəbul edilməməlidir».

Bunun tam əksinə olaraq, İsa məhz qadınlara öz dirilməsi haqda xəbəri başqalarına çatdırmağı buyurdu (Mətta 28:1, 8—10). Bu vəfalı qadınlar Ağalarının edamını və dəfnini öz gözlərilə görmüşdülər, buna baxmayaraq, onların sözləri həvarilərə inandırıcı gəlmədi (Mətta 27:55, 56, 61; Luka 24:10, 11). Ancaq İsa diriləndən sonra ilk öncə qadınlara görünməklə göstərdi ki, qadınlar da digər şagirdləri kimi şahidlik etməyə layiqdirlər (Həvarilərin işləri 1:8, 14).

Məsihin təlimi bu gün insanların həyatını necə dəyişir? Yehovanın Şahidlərinin yığıncağında məsul kişilər qadınların fikirlərinə və müşahidələrinə hörmətlə yanaşırlar. Məsihi ərlər də arvadlarını dinləməklə onlara hörmət qoyurlar (1 Butrus 3:7; Yaradılış 21:12).

Müqəddəs Kitab prinsipləri və qadınların xoşbəxtliyi

Müqəddəs Kitab prinsiplərinə əməl edənlər qadınlarla hörmət və ləyaqətlə davranır

Kişilər İsa Məsihi həyatlarında örnək tutanda qadınlara hörmətlə yanaşır və onların sərbəstliyini məhdudlaşdırmırlar. Beləcə qadınlara Allahın əzəldən onlar üçün nəzərdə tutduğu münasibəti göstərirlər (Yaradılış 1:27, 28). Kişilərin qadınlardan daha üstün olması prinsipini dəstəkləmək əvəzinə, məsihi ərlər Müqəddəs Kitab prinsiplərinə uyğun hərəkət edərək arvadlarını xoşbəxt edirlər (Efeslilərə 5:28, 29).

Yelena adlı qadına həyat yoldaşı göz verib işıq vermirdi. Ərinin böyüdüyü mühitdə qız qaçırtmaq və ailədə qadınlara qarşı zorakı davranış adi şeylər idi. Yelena Müqəddəs Kitabı öyrənməyə başladı. «Müqəddəs Kitabdan öyrəndiklərim məni mənən güclü etdi», — deyə Yelena bölüşür. «Mən dərk etdim ki, Yaradan məni çox sevir, bir şəxsiyyət kimi məni qiymətləndirir, mənə qarşı biganə deyil. Mən bir şeyi bilirdim: ərim də Müqəddəs Kitabı öyrənməyə başlasa, mənə qarşı münasibəti dəyişəcək». Yelenanın arzusu gözündə qalmadı. Əri Müqəddəs Kitabı öyrənməyə razılaşdı və Yehovanın Şahidi kimi vəftiz olundu. Yelenanın ailə həyatı necə dəyişdi? «İndi ərim təmkinli insandır, özünü ələ almağı bacarır. Biz bir-birimizi ürəkdən bağışlamağı öyrəndik. Müqəddəs Kitab prinsipləri sayəsində indi özümü ailəmdə lazımlı hiss edirəm. Özümü artıq təhlükəsizlikdə hiss edirəm» (Koloslulara 3:13, 18, 19).

Yelena kimi, Yehovanın milyonlarla qadın xidmətçisi xoşbəxtdir, çünki onlar ərləri ilə bərabər ailədə Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamağa çalışırlar. Məsihi dindaşları arasında da layiq olduqları hörməti görürlər, heç kəs onların sərbəstliyini əlindən almır (Yəhya 13:34, 35).

Məsihilər dərk edirlər ki, kişili qadınlı bütün insan nəsli günahlıdır və «puçluğa tabedir». Ancaq mehriban Atamız Yehovaya yaxınlaşdıqca onların ümidi daha da möhkəmlənir. Onlar bilirlər ki, «çürüklük əsarətindən qurtulub Allahın övladlarının şanlı azadlığına qovuşacaqlar». Bəli, həm kişiləri, həm də qadınları çox gözəl gələcək gözləyir! (Romalılara 8:20, 21).