Kontentə keç

Mündəricatı göstər

Qədim Misir barelyefi bir Müqəddəs Kitab hadisəsini təsdiq edir

Qədim Misir barelyefi bir Müqəddəs Kitab hadisəsini təsdiq edir

 Hündürlüyü səkkiz metr olan və üzərində heroqliflərin yazıldığı bu barelyef Karnakda Amun allahının şərəfinə ucaldılan qədim Misir məbədinin girişinin düz yanındadır. Alimlərin sözlərinə əsasən, bu barelyef Firon Şişaqın Yəhuda və İsrailin şimalı da daxil olmaqla, Misirin şimal bölgələrinə istilasını təsvir edir.

Karnak barelyefi; içərisində bağlı əsrlər təsvir olunub

 Bu barelyefdə göstərilir ki, Amun allahı 150-dən çox əsiri Şişaqa və ya Şeşonqa təqdim edir a. Hər əsir işğal olunmuş şəhəri və ya xalqı təmsil edir. Şəhərlərin adları hər əsirin bədəninin üzərində oval şəklində yazılıb. Bir sıra adlar hələ də aydın oxunaqlıdır, onlardan bəziləri Müqəddəs Kitab oxucularına yaxşı tanışdır. Bu adların arasında Bet-Şean, Gibyon, Megiddo və Şunam da var.

 Yəhudaya edilən bu yürüş Müqəddəs Kitabda qələmə alınıb (1 Padşahlar 14:25, 26). Orada Şişaqın istilası barədə xüsusi təfərrüatlar yazılıb. Biz oxuyuruq ki, Rəhabamın «hakimiyyətinin beşinci ilində Misir hökmdarı Şişaq Yerusəlimə yürüş etdi. Şişaqın 1200 cəng arabası, 60000 süvarisi var idi. Misirdən onunla birlikdə... ucu-bucağı görünməyən qoşun gəlmişdi. Şişaq Yəhudanın qala-şəhərlərini işğal edə-edə gəlib Yerusəlimə çıxdı» (2 Salnamələr 12:2—4).

 Karnak barelyefi Şişaqın İsrail torpaqlarına yürüşündən bəhs edən yeganə arxeoloji sübut deyil. Müqəddəs Kitabda adı çəkilən Megiddo şəhərinin ərazisində tapılan daş abidənin bir parçası həmçinin «Şeşonq» adını ortaya çıxarır.

 Müqəddəs Kitabda Şişaqın Yəhudaya hücumu barədə dəqiq yazılması Müqəddəs Kitab yazarlarının dürüstlüyünə bir nümunədir. Onlar öz qələbələrini də, məğlubiyyətlərini də dürüstcəsinə qələmə alıblar. Adətən, bu cür dürüstlüyə başqa qədim yazarlar sahib deyildi.

a Müqəddəs Kitabda yazılmış «Şişaq» sözü adın ibranicə tələffüzünü göstərir.