Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Lütfüm sənə kifayətdir» (2 Korinflilərə 12:9)

«Lütfüm sənə kifayətdir» (2 Korinflilərə 12:9)

 «Lütfüm sənə yetər. Çünki sən zəif olanda Mənim gücüm özünü bütünlüklə göstərir» (2 Korinflilərə 12:9, «Yeni Dünya Tərcüməsi»).

 «Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur» (2 Korinflilərə 12:9, Müqəddəs Kitab şirkəti, 2009).

2 Korinflilərə 12:9 ayəsinin mənası

 Allah həvari Bulusa söz vermişdi ki, sınaqlara və zəifliklərinə tab gətirmək üçün ona güc verəcək.

 «Lütfüm sənə yetər». Allahın Bulusun durmadan etdiyi duaya cavabını belə də vermək olar: «Sənə lazım olan yeganə şey Mənim lütfümdür». Başqa sözlə desək, sınaqlarına dözmək üçün Bulusa Allahın lütfü kifayət idi. «Lütf» kimi tərcümə olunan söz Allahın əvəzsiz və layiq olmadığımız təqdirdə səxavətlə verdiyi bəxşişi təsvir edir. Bulusun yazdıqlarından görünür ki, o, Allahın lütfündən kifayət qədər bəhrələnmişdi. Əvvəllər Bulus məsihiləri təqib edirdi, amma Allah ona dəyişib başqalarına məsihi olmağa kömək etmək üçün güc verdi (1 Korinflilərə 15:9, 10; 1 Timutiyə 1:12—14). Bulus əmin idi ki, Allah ona istənilən problemin və ya çətinliyin öhdəsindən gəlməyə kömək edəcək.

 «Sən zəif olanda Mənim gücüm özünü bütünlüklə göstərir». Yehova a Allah Bulusa xatırladır ki, zəif və günahlı insanlara kömək edəndə Onun gücü özünü tam şəkildə göstərir (2 Korinflilərə 4:7; 12:8). Məsihilər öz zəifliklərini qəbul edəndə və kömək üçün Yehovaya üz tutanda imkan verirlər ki, Allahın gücü onlara tam təsir etsin (Efeslilərə 3:16; Filippililərə 4:13). Bu zaman Allahın gücü insanların zəiflikləri üzərində özünü bütünlüklə göstərir.

2 Korinflilərə 12:9 ayəsinin konteksti

 Bulus Korinf şəhərində yaşayan məsihilərə təxminən eramızın 55-ci ilində Allahın ilhamı ilə bu məktubu yazmışdı. Məktubun axırlarında o, həvari kimi ona verilmiş səlahiyyətlərini müdafiə etmişdi. O bunu etməyə məcbur olmuşdu, çünki bəzi yalançı müəllimlər, ola bilsin, xarici görünüşünə və ya danışıq qabiliyyətinə görə onu mühakimə və tənqid edirdilər (2 Korinflilərə 10:7—10; 11:5, 6, 13; 12:11).

 Özünü müdafiə etmək üçün Bulus izah edir ki, o üzləşdiyi bütün sınaqlara təkbaşına dözə və xidmətdəki uğurlara öz gücü ilə nail ola bilməzdi (2 Korinflilərə 6:4; 11:23—27; 12:12). 12-ci fəsildə o, məcazi mənada bədəninə batırılan tikandan danışır. Görünür, Bulus ona fiziki və ya mənəvi əzab verən hansısa problemi nəzərdə tuturdu (2 Korinflilərə 12:7). Bulus probleminin nə olduğunu yazmasa da, Allahın köməyilə bu problemə dözəcəyinə əmin idi.

 Bu gün də məsihilər çətinliklər və sınaqlarla üzləşirlər. Allahın gücü ilə bütün bu çətinliklərə dözə biləcəklərini bilmək onlara təsəlli verir. Bulus kimi onlar da əminliklə deyə bilərlər: «Mən zəif olanda güclüyəm» (2 Korinflilərə 12:10).

 Bu qısa videoya baxın və «2 Korinflilərə» kitabı ilə tanış olun.

a «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsini oxuyun.