Kontentə keç

«Vəhy» kitabının 17-ci fəslində sözü gedən al-qırmızı rəngli vəhşi heyvan nədir?

«Vəhy» kitabının 17-ci fəslində sözü gedən al-qırmızı rəngli vəhşi heyvan nədir?

Müqəddəs Yazıların cavabı

 «Vəhy» kitabının 17-ci fəslində sözü gedən al-qırmızı rəngli vəhşi heyvan xalqları birləşdirmək və onları təmsil etmək məqsədilə yaradılmış bir təşkilatın simvoludur. Əvvəllər bu təşkilat Millətlər Cəmiyyəti idi. İndi isə Birləşmiş Millətlər Təşkilatıdır.

Al-qırmızı rəngli vəhşi heyvan nədir?

  1.   Siyasi təşkilat. Al-qırmızı heyvanın «yeddi dağı» və ya yeddi hakimiyyəti bildirən yeddi başı var (Vəhy 17:9, 10). Müqəddəs Kitabda dağlar və heyvanlar hakimiyyətləri təmsil edir (Ərəmya 51:24, 25; Dənyal 2:44, 45; 7:17, 23).

  2.   Dünyanın siyasi sistemini təmsil edir. Al-qırmızı heyvan «Vəhy» kitabının 13-cü fəslində adı çəkilən və beynəlxalq siyasi sistemi təmsil edən yeddibaşlı heyvanla eynidir. Hər iki heyvanın küfrlü adlarla dolu yeddi başı və on buynuzu var (Vəhy 13:1; 17:3). Bu oxşarlıqlar o qədər üst-üstə düşür ki, onları sadəcə təsadüf adlandırmaq olmaz. Al-qırmızı heyvan bütün dünyanın siyasi sisteminin surətidir (Vəhy 13:15).

  3.   Digər hakimiyyətlərdən güc alır. Al-qırmızı heyvan hal-hazırkı hakimiyyətlərdən törəyir (Vəhy 17:11, 17).

  4.   Dinlə əlaqəlidir. Yalan dinlərin siması olan Böyük Babil al-qırmızı vəhşi heyvanın üstündə oturub. Bu o deməkdir ki, vəhşi heyvan dinlərin təsiri altındadır (Vəhy 17:3—5).

  5.   Allaha qarşı çıxır. Bu vəhşi heyvan küfrlü adlarla doludur (Vəhy 17:3).

  6.   Bir müddət fəaliyyətsiz qalır. Al-qırmızı rəngli heyvan müvəqqəti olaraq dibsiz quyuya a atılmalı, yəni fəaliyyətsiz qalmalı idi, sonradan isə yenidən fəallaşmalı idi (Vəhy 17:8).

Müqəddəs Kitabın peyğəmbərliyi yerinə yetir

 Birləşmiş Millətlər Təşkilatı və onun sələfi olan Millətlər Cəmiyyəti Müqəddəs Kitabın al-qırmızı rəngli vəhşi heyvanla bağlı peyğəmbərliyini yerinə yetirirlər. Görün necə.

  1.   Siyasi təşkilat. Birləşmiş Millətlər Təşkilatı bütün üzvlərinin suveren bərabərliyini b təmin edərək siyasi sistemi dəstəkləyir.

  2.   Dünyanın siyasi sistemini təmsil edir. 2011-ci ildə BMT 193-cü üzvünü qəbul etdi. Bununla da o, millətlərin əksəriyyətini təmsil etmiş olur.

  3.   Digər hakimiyyətlərdən güc alır. Birləşmiş Millətlər Təşkilatı öz mövcudluğunu üzvləri olan xalqlara borcludur. Onun səlahiyyəti üzvlərinin ona verdiyi səlahiyyətlə məhdudlaşır.

  4.   Dinlə əlaqəlidir. Din həmişə həm Millətlər Cəmiyyətini, həm də BMT-ni dəstəkləyib c.

  5.   Allaha qarşı çıxır. BMT «beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması» məqsədi ilə yaradılıb d. Bu məqsəd təqdirəlayiq olsa da, əslində Allaha qarşı çıxır, çünki Allah demişdi ki, bunu yalnız Onun Padşahlığı yerinə yetirəcək (Zəbur 46:9; Dənyal 2:44).

  6.   Bir müddət fəaliyyətsiz qalır. Dünyada sülhü təmin etmək məqsədi ilə Birinci Dünya müharibəsindən sonra yaradılan Millətlər Cəmiyyəti öz məqsədinə çata bilmədi. O, fəaliyyətini 1939-cu ildə İkinci Dünya müharibəsi başlayanda dayandırdı. 1945-ci ildə İkinci Dünya müharibəsi qurtaranda isə Birləşmiş Millətlər Təşkilatı yaradıldı. Onun məqsədləri, üsulları və quruluşu Millətlər Cəmiyyətininki ilə eynidir.

a Bir lüğətə əsasən «dibsiz quyu» kimi tərcümə olunan yunan sözü «ölçüyəgəlməz dərinlik» mənasını daşıyır («Vine’s Expository Dictionary of Old and New Testament Words»). Kral Yakovun Müqəddəs Kitabında isə həmin söz «dibsiz çuxur» kimi verilib. Allahın Kəlamında «dibsiz quyu» deyildikdə zindana atılmaq və tamamilə fəaliyyətsiz qalmaq nəzərdə tutulur.

b Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin 2-ci maddəsinə baxın.

c Bir misal gətirmək olar. Amerikanın bir neçə protestant məzhəblərini təmsil edən şura 1918-ci ildə Millətlər Cəmiyyətinin «Allahın Padşahlığının yer üzündəki siyasi forması» olduğunu bəyan etmişdi. 1965-ci ildə buddizm, katolisizm, Şərq Ortodoks kilsəsi, hinduizm, islam, iudaizm və protestantlıq dinlərinin nümayəndələri BMT üçün dua edib onu dəstəkləmək məqsədi ilə San-Fransiskoda bir araya gəlmişdilər. 1979-cu ildə isə Roma Papası II İoann Pavel BMT-nin «həmişə sülhün və ədalətin bərqərar olunmasını təmin edən yeganə vasitə» olacağına ümid etdiyini demişdi.

d Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin 1-ci maddəsinə baxın.