Kontentə keç

Allahın mənim üçün olan iradəsi nədən ibarətdir?

Allahın mənim üçün olan iradəsi nədən ibarətdir?

Müqəddəs Yazıların cavabı

 Allahın iradəsi ondan ibarətdir ki, siz Onunla yaxından tanış olasınız, Ona yaxınlaşasınız və Onu bütün ürəyinizlə sevib Ona xidmət edəsiniz (Matta 22:37, 38; Yaqub 4:8). Siz Allahın iradəsini necə yerinə yetirə biləcəyinizi İsa Məsihin həyatından və təlimlərindən öyrənə bilərsiniz (Yəhya 7:16, 17). İsa yalnız Allahın iradəsi haqda danışmırdı, o həm də buna uyğun yaşayırdı. İsa demişdi ki, onun həyatda məqsədi özünün yox, onu göndərənin iradəsini yerinə yetirməkdir (Yəhya 6:38).

Allahın mənim üçün olan iradəsini öyrənmək üçün xüsusi işarə almaq, yuxu görmək və ya göydən səs eşitmək lazımdırmı?

 Yox, çünki Allah insanlardan nə tələb etdiyini Müqəddəs Kitabda yazıb. Orada insanın «hər cür yaxşı işə tamamilə hazır [olması]» üçün lazım olan hər şey var (2 Timoteyə 3:16, 17). Allah istəyir ki, siz Müqəddəs Kitabdan istifadə etməklə yanaşı, «zehninizi» işə salaraq Onun sizin üçün olan iradəsinin nədən ibarət olduğunu öyrənəsiniz (Romalılara 12:1, 2; Efeslilərə 5:17).

Allahın iradəsini yerinə yetirə bilərəmmi?

 Bəli, bilərsiniz, çünki Müqəddəs Kitabda yazılıb: «Onun əmrləri... ağır deyil» (1 Yəhya 5:3). Bu o demək deyil ki, Allahın əmrlərinə tabe olmaq həmişə asandır. Amma qarşılığında alacağınız xeyir-dualara görə səy göstərməyə dəyər. İsa demişdi: «Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» (Luka 11:28).