Kontentə keç

Məsihin gəlişi nədir?

Məsihin gəlişi nədir?

Müqəddəs Yazıların cavabı

 Müqəddəs Yazılarda Məsihin gələcəkdə gələrək yer üzündəki insanları mühakimə edəcəyi vaxt haqda on iki dəfə danışılır a. Misal üçün, Mətta 25:31—33 ayələrində deyilir:

 «İnsan Oğlu bütün mələklərlə birgə öz calalında gəlib şanlı taxtına əyləşəcək. Bütün xalqlar onun önündə yığışacaq və o, insanları çoban qoyunları keçilərdən ayırdığı kimi, bir-birindən ayıracaq. Qoyunları sağ tərəfinə, keçiləri isə sol tərəfinə qoyacaq».

 Bu mühakimə dövrü bəşər tarixində bənzəri olmamış «böyük müsibət»in bir hissəsi olacaq. Bu müsibətin kulminasiya nöqtəsi Armageddon müharibəsi olacaq (Mətta 24:21; Vəhy 16:16). Məsihin düşmənləri, yəni onun nümunəsində keçilərə bənzədilənlər əbədi məhv cəzasına məhkum ediləcəklər (2 Salonikililərə 1:9; Vəhy 19:11, 15). Onlardan fərqli olaraq, Allahın saleh xidmətçiləri, yəni qoyunlar «əbədi həyata qovuşacaqlar» (Mətta 25:46).

Məsih nə vaxt gələcək?

 İsa demişdi: «O günü və saatı heç kəs bilmir» (Mətta 24:36, 42; 25:13). Lakin o, gözlə görünən, çoxcəhətli əlamət vermişdi. Bu «əlamət» onun gəlişindən əvvəlki dövrü təsvir edəcəkdi (Mətta 24:3, 7—14; Luka 21:10, 11).

Məsih ruhani, yoxsa cismani bədəndə gələcək?

 İsa ruhani bədəndə dirilmişdi. Deməli, ruhani varlıq kimi gələcək, cismani bədəndə yox (1 Korinflilərə 15:45; 1 Butrus 3:18). Buna görə də İsa ölümündən bir gün qabaq həvarilərinə bu sözləri demişdi: «Bir azdan dünya artıq məni görməyəcək» (Yəhya 14:19).

Məsihin gəlişi haqda yanlış fikirlər

 Yanlış. Müqəddəs Kitabda yazılıb ki, insanlar İsanın «buludların üzərində gəldiyini görəcək». Bu onu göstərir ki, İsanın gəlişi gözlə görünəcək (Mətta 24:30).

 Doğru. Müqəddəs Kitabda buludlar sözü adətən gözlə görünməyən şeylərə aid edilir (Lavililər 16:2; Saylar 11:25; Qanunun təkrarı 33:26). Misal üçün, Allah Musaya dedi: «Qara buludda yanına gələcəyəm» (Çıxış 19:9). Musa Allahı gözlə görmürdü. Eynilə, Məsih də buludların üzərində gələndə insanlar onun gəlişini gözlə görməsələr də, bunu dərk edəcəklər.

 Yanlış. Vəhy 1:7 ayəsində yazılıb ki, Məsihin gəlişini «hamı... öz gözü ilə görəcək». Bu sözləri hərfi mənada başa düşmək lazımdır.

 Doğru. Müqəddəs Kitabda «göz» və «görmək» kimi tərcümə olunan yunan sözləri bəzən fiziki gözlərlə görmək yox, ayırd edə bilmək və ya dərk etmək kimi istifadə olunur b (Mətta 13:15; Luka 19:42; Romalılara 15:21; Efeslilərə 1:18). Müqəddəs Kitabda deyilir ki, dirilmiş İsa «əlçatmaz nurda yaşayan, insanlardan heç kəsin ... görə bilmədiyi kəsdir» (1 Timutiyə 6:16). Beləliklə, «onu hamı... öz gözü ilə görəcək» ifadəsi o deməkdir ki, bütün insanlar İsanın Allahın hökmünü icra edən kəs olduğunu başa düşəcəklər (Mətta 24:30).

 Yanlış. 2 Yəhya 7 ayəsindəki sözlər İsanın cisimdə gələcəyini göstərir.

 Doğru. Müqəddəs Kitabın bu ayəsində deyilir: «Dünyada İsa Məsihin cisimdə gəldiyini qəbul etməyən çoxlu yalançı peyda olub».

 Həvari Yəhyanın günlərində bəziləri İsanın yer üzünə cisimdə gəldiyini inkar edirdilər. Onlar qnostiklər adlanırdı. 2 Yəhya 7 ayəsində onların bu yalan iddiası təkzib edilir.

a İnsanların bir çoxu İsanın gəlişini «ikinci zühur» və ya «ikinci gəliş» kimi adlandırsalar da, bu terminlər Müqəddəs Kitabda yoxdur.

b «The New Thayer’s Greek-English Lexicon of the New Testament» (1981) kitabının 451 və 470-ci səhifələrinə baxın.