Kontentə keç

Müqəddəs Kitabda oruc tutmaq barədə nə deyilir?

Müqəddəs Kitabda oruc tutmaq barədə nə deyilir?

Müqəddəs Kitabın cavabı

 Müqəddəs Kitabın yazıldığı dövrlərdə düzgün niyyətlə tutulan oruc Allaha məqbul idi. Lakin yanlış niyyətlə tutulan oruc Allaha xoş getmirdi. Bununla belə, Müqəddəs Kitabda bu gün insanların oruc tutması ilə bağlı əmr və qadağa yoxdur.

Müqəddəs Kitabda adı çəkilən insanlar hansı hallarda oruc tuturdu?

  •   Allahdan kömək və rəhbərlik istəyəndə. Yerusəlimə yola düşmüş xalq Allahın köməyini səmimi-qəlbdən istədiklərini göstərmək üçün oruc tutmuşdu (Üzeyir 8:21—23). Bulus və Barnəba yığıncaqlara ağsaqqallar təyin edəndə bir müddət oruc tutmuşdu (Həvarilərin işləri 14:23).

  •   Diqqəti Allahın niyyətinə cəmləyəndə. İsa Məsih vəftiz olunandan sonra 40 gün oruc tutmuşdu ki, onu qarşıda gözləyən xidməti zamanı Allahın iradəsini yerinə yetirməyə özünü hazırlasın (Luka 4:1, 2).

  •   Keçmiş günahlara görə tövbə etməyi göstərəndə. Allah Yuil peyğəmbər vasitəsilə sədaqətsiz israillilərə demişdi: «Bütün qəlbinizlə Mənə sarı dönün, oruc tutun, ağlayıb nalə çəkin» (Yuil 2:12—15).

  •   Kəffarə gününü qeyd edəndə. Allahın İsrail xalqına verdiyi qanunda buyrulurdu ki, israillilər hər il Kəffarə günü oruc tutsunlar a (Lavililər 16:29—31). Bu səbəbdən oruc tutmaq müvafiq idi, çünki bu, israillilərə günahlı olduqlarını və Allahın əfvinə ehtiyac duyduqlarını xatırladırdı.

Oruc tutmaqla bağlı hansı yanlış niyyətlər var?

  •   Başqalarında təəssürat yaratmaq üçün. İsa öyrətmişdi ki, insanın ibadətdə tutduğu oruc onunla Allah arasında şəxsi və gizli olmalıdır (Mətta 6:16—18).

  •   Özünün saleh olduğunu göstərmək üçün. Oruc tutmaq insanı mənəvi və ruhani cəhətdən başqalarından üstün etmir (Luka 18:9—14).

  •   Qəsdən edilmiş günahı yumağa çalışmaq üçün (Əşiya 58:3, 4). Allah həm itaət göstərən, həm də etdiyi günaha görə səmimi-qəlbdən tövbə edən insanın tutduğu orucu qəbul edirdi.

  •   Dini ayini yerinə yetirmək üçün (Əşiya 58:5—7). Bu halda Allah, sanki bir valideyn kimi uşağının ürəkdən yox, məcburi şəkildə ifadə etdiyi sevgidən məmnun qalmır.

Məsihilərdən oruc tutmaq tələb olunur?

 Xeyr. Allah israillilərdən Kəffarə günündə oruc tutmağı tələb etmişdi. Amma İsa tövbə edən insanların günahını birdəfəlik yuyandan sonra O, bu ənənəni aradan qaldırdı (İbranilərə 9:24—26; 1 Butrus 3:18). Məsihilər Kəffarə gününü özünə daxil edən Musanın qanunu altında deyil (Romalılara 10:4; Koloslulara 2:13, 14). Ona görə də hər bir məsihi oruc tutub-tutmaqla bağlı özü qərar verə bilər (Romalılara 14:1—4).

 Məsihilər bilirlər ki, oruc onların ibadətində əsas yeri tutmur. Müqəddəs Kitabda oruc tutmaq heç vaxt xoşbəxtliklə əlaqələndirilmir. Yehova «xoşbəxt Allah» olduğu üçün həqiqi məsihi ibadəti sevinc gətirməlidir (1 Timutiyə 1:11; Vaiz 3:12, 13; Qalatiyalılara 5:22).

Oruc tutmaq haqda yanlış fikirlər

 Yanlış: Həvari Bulus məsihi ər-arvadlara oruc tutmağı buyurmuşdu (1 Korinflilərə 7:5).

 Doğru: Qədim Müqəddəs Kitab əlyazmalarının 1 Korinflilərə 7:5 ayəsində oruc tutmaqdan bəhs olunmur. Ehtimal ki, Müqəddəs Kitabı köçürənlər oruc tutmaq barədə yalnız bu ayəyə deyil, həmçinin Mətta 17:21, Mark 9:29 və Həvarilərin işləri 10:30 ayələrinə də əlavə ediblər. Müasir Müqəddəs Kitab tərcümələrinin əksəriyyətində oruc tutmaqla bağlı bu saxta məlumatları çıxarılır.

 Yanlış: İsanın vəftizdən sonra səhrada 40 gün oruc tutduğunu qeyd etmək üçün məsihilər də oruc tutmalıdır.

 Doğru: İsa heç vaxt belə oruc tutmağı buyurmamışdı və heç bir ayədə ilk məsihilərin bunu etdiklərindən bəhs olunmur b.

 Yanlış: Məsihilər İsanın ölümünü yad edən zaman oruc tutmalıdırlar.

 Doğru: İsa öz şagirdlərinə onun ölümünü yad edərkən oruc tutmağı buyurmamışdı (Luka 22:14—18). O, şagirdlərinin onun ölümündən sonra oruc tutacaqlarını deyəndə bunu əmr etməmişdi, sadəcə nə baş verəcəyini bildirmişdi (Mətta 9:15). Müqəddəs Kitabda deyilir ki, ac olan məsihilər İsanın ölümünü yad etmək üçün yığışmazdan əvvəl evdə yemək yeməli idilər (1 Korinflilərə 11:33, 34).

a Allah israillilərə demişdi ki, Kəffarə günü «canınıza cəfa verməlisiniz» (Lavililər 16:29, 31). Bu ifadə altında oruc tutmaq nəzərdə tutulurdu (Əşiya 58:3). Başqa bir tərcümədə isə bu belə ifadə olunur: «Günahlarınıza görə peşmançılıq çəkdiyinizi göstərmək üçün ac qalmalısınız» («Contemporary English Version»).

b 40 gün ərzində tutulan Böyük orucun tarixi ilə bağlı Yeni katolik ensiklopediyasında deyilir: «İlk üç əsrdə pasxa bayramına hazırlıq olaraq oruc tutma müddəti bir həftədən artıq olmurdu; adətən, bir və ya iki gün tutulurdu... 40 günlük müddət haqda ilk dəfə Nikeya qurultayının (325) beşinci qanununda qeyd edilib. Baxmayaraq, bəzi alimlər burada söhbətin Böyük orucdan gedib-getmədiyinə dair çaşqınlıq içindədir» (II nəşr, VIII cild, səhifə 468).