Kontentə keç

Müqəddəs Kitabda abort haqda nə deyilir?

Müqəddəs Kitabda abort haqda nə deyilir?

Müqəddəs Kitabın cavabı

 Müqəddəs Kitabda «abort» sözü insan rüşeyminin çıxarılmasına səbəb olmaq mənasında işlədilmir. Bununla belə, Müqəddəs Kitabdakı çoxlu ayələr Allahın doğulmamış uşaq da daxil olmaqla, insan həyatına münasibətini göstərir.

 Həyat Allahdan bir hədiyyədir (Yaradılış 9:6; Zəbur 36:9). Onun gözündə ana bətnindəki uşaq da daxil, bütün həyatlar dəyərlidir. Ona görə də əgər kimsə doğulmamış uşağı məqsədli şəkildə öldürərsə, bu, qatilliyə bərabərdir.

 Allahın israillilərə verdiyi Qanunda deyilir: «Kişilər dalaşanda hamilə qadına zərbə dəyərsə və o, vaxtından əvvəl doğarsa, ancaq heç bir itki olmazsa, təqsirkar şəxs hakimlərin qərarı ilə qadının ərinin tələb etdiyi məbləği verib dəyən zərəri ödəməlidir. Ölüm olarsa, onda can əvəzinə can verilməlidir» a (Çıxış 21:22, 23).

 İnsan həyatı nə vaxtdan başlayır?

 Uşaq ana bətninə düşən kimi Allahın gözündə insan həyatı başlayır. O, Öz Kəlamında, Müqəddəs Kitabda doğulmamış uşağı ayrıca bir şəxsiyyət sayır. Gəlin bir neçə nümunəni nəzərdən keçirək. Bu nümunələrdə görəcəksiniz ki, Allah ana bətnindəki uşaqla doğulmuş uşaq arasında heç bir fərq qoymur.

  •   Davud padşah Allahdan ilham alaraq yazmışdı: «Gözlərin rüşeymimi görmüşdü» (Zəbur 139:16). Allah Davudu hələ doğulmamışdan əvvəl bir şəxsiyyət kimi görmüşdü.

  •   Bundan başqa, Ərəmya peyğəmbər hələ doğulmamışdan öncə Allahın onunla bağlı xüsusi məqsədi var idi. Allah ona demişdi: «Ananın bətnində sənə surət verməzdən əvvəl səni tanımışam. Sən dünyaya gəlməzdən əvvəl səni müqəddəs iş üçün seçmişəm. Səni xalqlara peyğəmbər etmişəm» (Ərəmya 1:5).

  •   Müqəddəs Kitab yazarı, həkim Luka doğulmamış körpə ilə doğulmuş körpəni təsvir etmək üçün eyni yunan sözündən istifadə etmişdi (Luka 1:41; 2:12, 16).

 Allah abort edən kəsləri bağışlayacaq?

 Abort edən kəslər Allahın əfvini qazana bilər. Əgər onlar Allahın həyata dair baxışını artıq qəbul ediblərsə, bu günaha görə özlərini qınamağa ehtiyac yoxdur. «Yehova b mərhəmət, şəfqət sahibidir... Şərq qərbdən nə qədər uzaqdırsa, Günahlarımızı bizdən o qədər uzaqlaşdırdı» (Zəbur 103:8—12). Yehova abort da daxil olmaqla, keçmiş günahlarına görə ürəkdən tövbə edən kəsləri bağışlayacaq (Zəbur 86:5).

 Əgər ananın və ya uşağın həyatı təhlükədədirsə, abort yanlışdır?

 Müqəddəs Kitabda doğulmamış uşağın həyatı haqda yazılanlara əsasən, ananın və ya uşağın sağlamlığı ilə bağlı təhlükənin olacağı ehtimal edilirsə, bu, abort etməyə haqq vermir.

 Bəs doğuş zamanı ananın, yoxsa uşağın həyatını xilas etmək kimi bir seçim qarşısında qalanda nə etmək olar? Belə vəziyyətdə kimin həyatını xilas etmək barədə şəxsi qərar verilməlidir.

a Bəzi tərcümələrdə açıqlama verilir ki, İsrailə verilən bu qanunda uşağa yox, anaya nələr olacağı vacib məsələ sayılır. Amma ibrani mətnində həm ananın, həm uşağın ölümü ilə bağlı hallardan bəhs edilir.

b Müqəddəs Kitaba əsasən, Allahın adıdır (Zəbur 83:18).