Kontentə keç

İtaliya Ali Kassasiya Məhkəməsinin yerləşdiyi Ədalət Sarayı (Roma)

18 İYUL 2019
İTALİYA

İtaliyanın Ali Kassasiya Məhkəməsi Yehovanın Şahidlərinin müalicə ilə bağlı qərar qəbul etmək hüququnu müdafiə edib

İtaliyanın Ali Kassasiya Məhkəməsi Yehovanın Şahidlərinin müalicə ilə bağlı qərar qəbul etmək hüququnu müdafiə edib

15 may 2019-cu il tarixində İtaliyanın Ali Kassasiya Məhkəməsi qardaşlarımızın müalicə ilə bağlı sərbəst qərar vermək hüququnu müdafiə edib. Məhkəmə təsdiq edib ki, xəstənin qanköçürmədən imtinasını müdafiə edəcək nümayəndə təyin etmək hüququ var. Məhkəmə həmçinin təsdiq edib ki, istənilən xəstənin, hətta tezliklə öz iradəsini ifadə etmək halında olmayacaq xəstənin müalicə məsələlərində nümayəndə təyin etmək hüququna İtaliya qanunları ilə zəmanət verilir.

Kappelli ailəsi

Bu qərar ağsaqqal kimi xidmət edən qardaşımız Luka Kappellinin işi üzrə məhkəmə çəkişmələrinin nəticəsidir. Artıq 25 ildir ki, o, çoxmərhələli müalicə tələb edən beyin qan damarlarının anomaliyasından əziyyət çəkir. Xəstəliyi ucbatından o hətta bəzən danışıq qabiliyyətini itirir. Müalicədən öncə o, tədbirli tərpənib iradəsini yazılı şəkildə bildirərək həyat yoldaşı Françeskanı tibbi məsələlərdə nümayəndəsi təyin etmişdi. Bununla belə, hakim və apellyasiya instansiyası məhkəməsi Françeskanı onun tibbi nümayəndəsi kimi tanımaqdan imtina etmiş, bununla da Luka Kappellini qanköçürməyə qarşı hüquqi-müdafiə vasitəsindən məhrum etmişdi.

16 fevral 2017-ci il tarixində onun işi Ali Kassasiya Məhkəməsinə çatdı. Kassasiya Məhkəməsi qət etdi ki, aşağı instansiya məhkəmələri xəstənin müalicə seçmək hüququna zəmanət verən həm İtaliya Konstitusiyasını, həm də Avropa İnsan Hüquqları Konvensiyasını pozub. Diqqətəlayiq məqam odur ki, məhkəmənin təbirincə, xəstənin müəyyən müalicə növlərindən imtinası dini əqidəsindən irəli gəldikdə onun hüququ xüsusilə müdafiə olunmalıdır. Ali məhkəmənin bu qərarından sonra İtaliyanın bütün məhkəmələri qardaşlarımızın qanköçürmədən özlərini müdafiə etmək üçün gördükləri tədbirlərə daha böyük hörmətlə yanaşmalıdır.

Biz çox şadıq ki, ali məhkəmə Müqəddəs Kitaba uyğun tərbiyə edilmiş vicdanlarının səsinə qulaq asaraq qanköçürmədən imtina edən İtaliyadakı qardaşlarımızın hüquqlarını müdafiə edib (Həvarilərin işləri 15:29).