Kontentə keç

Yanğınla mübarizədə qalib gəlmək

Yanğınla mübarizədə qalib gəlmək

«Yanğın! Yanğın var!» Qayınanasının evində qəlyanaltı yeyən Sandra evin yanındakı anbarın qapısının altından gələn alovları gördü. O, əri Tomasla birgə dərhal hərəkətə keçdi. Sandra yanğınsöndürücünü tapana kimi Tomas anbara qaçdı. Sandra yanğınsöndürücünü tez Tomasa çatdırdı və beləcə yanğın söndü. O xatırlayır: «Əgər biz müdaxilə etməsəydik, bütün anbar yanıb külə dönəcəkdi».

Necə oldu ki, Tomas və Sandra təlaşa düşmədilər və belə cəld hərəkət keçdilər? Onlar Yehovanın Şahidlərinin Zeltersdəki (Almaniya) filialında işləyən təxminən 1000 nəfərlə birlikdə yanğın fövqəladə hallarının öhdəsindən necə gəlməyi öyrəniblər.

Zeltersdəki 30 hektarlıq bina yalnız ofislərdən və yaşayış yerlərindən ibarət deyil, həmçinin ora camaşırxana, nəşriyyat və yanğın təhlükəsi daşıyan müxtəlif emalatxanalar daxildir. Ona görə də bu filialın Təhlükəsizlik və Ətraf Mühit şöbəsi yanğın təhlükəsizliyi haqda təlim proqramı hazırladı. İlk öncə Fövqəladə Hallar Heyəti kimi tanınan bir qrup yerli yanğın söndürmə şöbəsi ilə təcrübə keçir. Daha sonra filialın bütün könüllüləri mütəmadi olaraq aşağıdakıları edir:

  • Təxliyə təlimləri keçir.

  • Yanğın təhlükəsizliyi dərslərində iştirak edir.

  • Yanğının ilk mərhələsində onunla mübarizə aparmağı öyrənir.

Beləliklə, könüllülər fövqəladə hallar zamanı zəruri olan bacarıqlara yiyələnir.

Təhlükəsiz yanğınsöndürmə təcrübəsi

Təcrübə sessiyaları zamanı təcrübəçilər yanğınla təhlükəsiz şəkildə mübarizə aparmağı öyrənir. Yanğın təhlükəsizliyi haqda axırıncı dəfə orta məktəbdə öyrənən Kristin filialda keçirilən təlimləri belə təsvir edir: «Mən yanğınsöndürücünü tutdum, onu açdım və küləyin gəldiyi tərəfdən yanğına yaxınlaşdım. Əks tərəfdə alovlar üzümü yandıra bilərdi. Sonra təkbaşıma yanğını söndürdüm! Həmçinin dörd-beş nəfərdən ibarət qrupla birgə yanğınla mübarizə aparmağı öyrəndim».

Filialda yanğın təhlükəsizliyi üzrə təlimatçı işləyən Daniel deyir ki, təcrübə sessiyaları «yanğın qorxusunu azaldır». O izah edir: «Yanğın çıxdıqda insanlar tez təlaşa düşürlər. “Biz indi nə etməliyik? Yanğınsöndürücüdən necə istifadə etməliyik?” — deyə düşünərək həyəcan keçirirlər. Amma onlar nə etməli olduqlarını bilsələr, kiçik bir atəş alovlanıb böyük yanğına çevrilməmiş asanlıqla onun qarşısını ala bilərlər. Təlimlər zamanı təcrübəçilər fövqəladə hallarda yanğınsöndürücünü düzgün tutmaq və yanğını söndürməklə bağlı məlumatlar alırlar. Onlar ehtiyac yaranan vaxtda hərəkətə keçə bilmələri üçün cəsarətlərini artırır və əminlik qazanırlar».

Təlimlərin yaxşı nəticələri

Çoxları təlimlərə görə minnətdarlıq bildirir. Yuxarıda adı çəkilən Kristin etiraf edir: «Mən yanğınsöndürücünü ilk dəfə idi ki, əlimdə tutmuşdum. Düşünürəm ki, belə təlimləri hər kəs keçməlidir. Filialda yarım gün könüllü xidmət edən, həmçinin aeroportda işləyən Nadya danışır: «Son on il ərzində aeroportda yalnız nəzəri yanğın təhlükəsizliyi dərsləri keçmişəm. Amma filialda keçdiyim təcrübi təlimlər mənə daha çox əminlik verdi. Əgər yanğın çıxarsa, nə edəcəyimi bilirəm».

Sandra düşünür ki, filialda keçdiyi təlimin sayəsində qayınanasının evində cəld hərəkətə keçmişdi. O deyir: «Mən yanğınsöndürücünü istifadə etməklə bağlı əvvəlki kimi narahat deyiləm. Hər il təlim keçmək çox yaxşıdır. Bu mənə çox kömək etdi».

Yerli yanğınsöndürmə şöbəsi ilə təcrübə keçmək

Yerli yanğınsöndürmə şöbəsi filial binalarında müntəzəm təcrübi sessiyalar keçirir. Baş yanğınsöndürən Teo Nekerman bunun səbəbini izah edir: «Bizim yanğınsöndürmə şöbəmiz kənd ərazisi olan Zelters bələdiyyəsinin məsuliyyətini daşıyır. Biz, adətən, evlərdə və mənzillərdə baş verən yanğın fövqəladə hallarla məşğul oluruq. Filial böyük əmlakı, hündür binaları və işin sənaye xarakteri ilə regionda unikaldır. Bu filialda yarana biləcək fövqəladə halların aradan qaldırılması üçün əlavə bacarıqlara yiyələnməliyik. Ona görə də burada təcrübə keçdiyimiz üçün sevinirik və minnətdarıq».

Filialın Fövqəladə Hallar Heyətinin 100-dən çox üzvü yanğınsöndürmə şöbəsi ilə birgə xilasetmə əməliyyatları və yanğınsöndürmə işləri gerçəkləşdirir. T. Nekerman deyir: «Biz Fövqəladə Hallar Heyətinə heyran qalırıq. Onların köməyi və istiqaməti olmadan yanğınsöndürmə və yanğın fövqəladə hallar əməliyyatları əngəlsiz ötüşməzdi».

Yanan neftin su ilə söndürməyin təhlükəli olduğu nümayiş etdirilir

Yanğınsöndürmə şöbəsi və Fövqəladə Hallar Heyəti öz bacarıqlarını 2014-cü il fevralın 14-ü gecə saatlarında sərgilədi. Filialın yaşayış binalarından birində bir mənzil tüstü ilə doldu. Yuxarıda adı çəkilən Daniel xatırlayır: «Tüstü o qədər çox idi ki, öz əllərimizi belə görə bilmirdik. Biz dərhal yanğınsöndürmə şöbəsi ilə əlaqə saxladıq və 88 mənzilin hamısını təxliyə etməyə başladıq. Yanğınsöndürmə şöbəsi gəlib çatanda artıq bütün binanı təxliyə etmişdik». T. Nekerman deyir: «Frankfurt kimi şəhərdə belə hündür binanın bu qədər sürətlə təxliyə edilməsini heç cür təsəvvür edə bilmirəm. Siz çox intizamlısınız, Fövqəladə Hallar Heyətinizə söz ola bilməz!» Yanğınsöndürənlər təhlükəni müəyyən etdi və aradan qaldırdı. Heç kim yaralanmadı və heç bir ciddi ziyan olmadı.

Ümid edirik ki, Zelters filialının şöbələrində ciddi yanğın fövqəladə halları heç vaxt baş verməyəcək. Amma baş versə, könüllülər yanğına qarşı mübarizə aparmağa hazırdırlar.