Kontentə keç

Könüllülər Taksidoda işə başlayırlar

Könüllülər Taksidoda işə başlayırlar

Nyu-York ştatı. Taksido. Yeddiyə on beş dəqiqə qalıb. Adi səhərlərdən biridir. Mavi səma altında fəhlə geyimli gənc kişi və qadınlar dördmərtəbəli binaya daxil olurlar. Binanın yanındakı kiçik gölü nazik buz bağlayıb. Onların arasında ştatın müxtəlif yerlərindən — Patersondan, Uolkilldən və hətta 80 kilometr uzaqlıqda yerləşən Bruklindən gələnlər də var.

Amma onların əksəriyyəti daha uzaq ərazilərdən — ABŞ-ın müxtəlif yerlərindən, hətta xaricdən gələnlərdir. Onlar könüllü olaraq burada işləməyə gəliblər. Kimisi birhəftəlik, kimisi altıhəftəlik, kimisi daha uzun müddətə gəlmişdir. Yol xərclərini öz ciblərindən ödəyən bu könüllülər xidmətlərinin qarşılığında heç nə almırlar. Onlar burada olmaqdan sevinc duyurlar.

Bu gün burada 120 könüllü çalışır, amma yaxın gələcəkdə onların sayının artması gözlənilir. Onlar yeməkxanaya axışırlar və on-on masa arxasında əyləşirlər. Çoxları özlərinə qəhvə süzür. Mətbəxdən gələn qızarmış bekon ətri yeməkxananı bürüyür. Düz saat 07:00-da monitorlar gündəlik ayənin müzakirəsini yayımlayır. On beş dəqiqədən sonra ofisiantlar masalara yemək gətirməyə başlayırlar. Bekondan başqa, səhər yeməyində çörək, yumurta və yulaf sıyığı var. Yemək boldur.

Səhər yeməyinin sonunda edilən yekun duadan sonra hamı iş başına yollanır. Tikintidə çalışanlar təhlükəsizlik dəbilqələrini, qoruyucu eynəklərini, işıqqaytaran geyimlərini geyinə-geyinə, ağır alətlər üçün kəməri taxa-taxa söhbət edirlər.

Bu könüllülər nə iş görəcəklər? Onlar vaxtilə Beynəlxalq Kağız Şirkətinə məxsus olan bu ərazidə inşaat materiallarının və texniki avadanlıqlarının saxlanılacağı yer düzəltməlidirlər. Bu material və avadanlıqlar Taksidodan bir neçə kilometr aralıda, yəni Uorvikdə Yehovanın Şahidlərinin yeni ümumdünya baş idarəsinin inşaasında istifadə ediləcək. Ərazidəki binalarda yaşayış otaqları, ofislər, eləcə də emalatxana və anbarlar düzəldilir. 2013-cü il 12 mart tarixində yerli Şəhərsalma və Arxitektura Komitəsi bu torpaq sahəsində obyektlərin yerləşdirilməsi ilə bağlı plana şərti təsdiqnamə verdi.

Müvəqqəti könüllülər qalacaqları yerə gələndə onları necə qarşılayırlar? Nyu–Cersidən olan Uiliam deyir: «Yeni gələnlərə qəbul şöbəsində əsas şeyləri — harada qalacaqlarını, açarlardan istifadə qaydalarını və digər şeyləri izah edirlər. Hamı bir-birinə kömək etməyə hazırdır. Taksidoya gələndə səhər yeməyindən sonra briqadirlə görüşürsən və o, sənə nə etməli olduğunu izah edir».

Burada xidmət etmək nə dərəcədə gözəldir? Puerto–Rikodan gələn Yaira ilə əri karkas və hazır divar montajı işində kömək edirlər. Yaira deyir: «Biz sübh tezdən saat beşin yarısında oyanırıq. Otağımızı təmizləyirik, bir fincan qəhvə içib bizə ayrılan avtobusa tərəf yollanırıq. Günün sonunda yorulsaq da, üzümüzdən gülüş heç vaxt əskik olmur. Hamı çox xoşbəxtdir».

Baş idarənin inşa ediləcəyi ərazi meşə ilə əhatə olunub. Minnesotadan olan Zak və həyat yoldaşı Bet ərazini tikinti üçün hazırlamağa kömək edirlər. Onlardan nəyə görə bura gəldiklərini soruşanda Bet cavab verdi: «Yehovaya xidmət etməkdən yaxşı heç nə ola bilməz. Biz istəyirik ki, bacarıqlarımızı Ona xidmətə sərf edək».