Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU | ALLAHIN VERDİYİ ƏN GÖZƏL ƏNAM

Verdiyi ənama görə Allaha şükr edin

Verdiyi ənama görə Allaha şükr edin

«Bizə təkan verən qüvvə Məsihin məhəbbətidir... O, hamıdan ötrü öldü ki, yaşayanlar artıq özləri üçün deyil, onların uğrunda ölüb dirilmiş kəs üçün yaşasınlar» (2 Korinflilərə 5:14, 15).

VERİLƏN hədiyyəyə görə minnətdar olmaq lazımdır. İsa Məsih bunun vacibliyini vurğulamışdı. O, sağalmaz xəstəliyə tutulan on nəfərə şəfa verəndən sonra onlardan yalnız biri «Allahı ucadan mədh edə-edə geri qayıtdı». İsa dedi: «Məgər on nəfər təmizlənmədi? Bəs qalan doqquz nəfər hanı?» (Luka 17:12—17). Bu hadisə göstərir ki, insan ona edilən xeyirxahlığı bəzən tez unudur.

Fidyə bənzəri olmayan bir ənamdır. O, bəşəriyyətə verilmiş ən gözəl hədiyyədir. Bəs bu ənama görə Allaha minnətdarlığımızı necə bildirə bilərik?

  • Allah haqqında öyrənin. Fidyənin sayəsində əbədi yaşamaq imkanımız olsa da, bizdən də çox şey asılıdır. İsa Məsih Allaha duasında demişdi: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3). Əgər bilsəniz ki, siz uşaq olanda bir nəfər həyatınızı xilas edib, nə edərdiniz? Yəqin həmin insanın kimliyi və sizi nə üçün xilas etdiyi barədə öyrənməyə çalışardınız. Yehova Allah da istəyir ki, biz Onu tanıyaq, həmçinin Onunla dostluq münasibəti quraq. Müqəddəs Kitab səsləyir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8).

  • Fidyə qurbanlığına iman gətirin. İsa Məsihə «iman edən əbədi həyata qovuşacaq» (Yəhya 3:36). Bəs iman etmək nə deməkdir? Hədiyyə onu qəbul etdiyimiz halda bizim olur. Eynilə «Məsihə inanıram» demək azdır. Onun fidyə qurbanlığına iman etdiyimizi əməldə göstərməliyik (Yaqub 2:17). Necə? İlk növbədə, öyrənin görün Allahı razı salmaq üçün həyat tərzinizdə nəyi dəyişməlisiniz, sonra öyrəndiklərinizə əməl edin *. Günahlarınızın bağışlanması və vicdanınızın təmiz olması üçün Allaha dua edin. Əmin olun ki, Allahın təqdim etdiyi fidyəyə iman edənləri gələcəkdə sülh və təhlükəsizlik içərisində əbədi, firavan bir həyat gözləyir (İbranilərə 11:1).

  • Məsihin ölümünü anma mərasiminə gəlin. İsa Məsih fidyə qurbanlığını hər il anmağımız üçün bir mərasim təsis etmişdi. Bu mərasimlə bağlı o demişdi: «Xatirəmi yad etmək üçün bunu həmişə edin» (Luka 22:19). Bu il Yehovanın Şahidləri İsa peyğəmbərin ölümünü anma mərasimini 2017-ci il 11 aprel çərşənbə axşamı gün batandan sonra qeyd edəcəklər. Mərasim bir saat çəkəcək. Mərasimdə İsa peyğəmbərin ölümünün mahiyyəti və bunun bizə həm indi, həm də gələcəkdə gətirəcəyi faydası açıqlanacaq. Bütün dünyada qeyd olunan bu mərasimdə keçən il təxminən 20 milyon insan iştirak etmişdi. Bu mərasimə gəlməklə Allahın fidyə ənamına görə minnətdarlığınızı göstərə bilərsiniz. Böyük məmnuniyyətlə sizi bu mərasimə dəvət edirik.

^ abz. 7 Allahı tanımağın və Ona yaxınlaşmağın ən yaxşı yolu Müqəddəs Kitabı oxumaqdır. Kömək üçün Yehovanın Şahidləri ilə əlaqə saxlayın və ya www.mr1310.com/az saytını ziyarət edin.