Çıxış 5:1—23

  • Musa ilə Harun fironun hüzurunda (1—5)

  • Zülm şiddətlənir (6—18)

  • İsraillilər Musa ilə Harunu günahlandırır (19—23)

5  Musa ilə Harun fironun hüzuruna gəlib dedilər: «İsrailin Allahı Yehova belə deyir: “Xalqımı burax, gedib səhrada Mənim şərəfimə bayram keçirsin”».  Firon isə dedi: «Yehova kimdir ki,+ Onun sözünə qulaq asıb İsraili buraxım?+ Mən Yehova tanımıram, xalqı da buraxmayacağam!»+  Onlar isə dedilər: «İbranilərin Allahı bizimlə danışdı. İzin ver, səhrada üç gün yol gedib Allahımız Yehovaya qurban gətirək,+ yoxsa O, bizi cəzalandıracaq, ya canımıza azar salacaq, ya da qılınc ağzına verəcək».  Misirin padşahı onlara dedi: «Musa, Harun, niyə xalqı işdən eləyirsiniz? Gedin işləyin!+  Bu qədər adamı özünüzlə aparıb işdən eləmək istəyirsiniz?»  Elə həmin gün firon xalqın üzərindəki nəzarətçilərə və iş icraçılarına* tapşırdı:  «Bundan sonra kərpic kəsmək üçün xalqa samanı siz yığıb verməyəcəksiniz.+ Qoy gedib özləri yığsınlar.  Kərpicləri isə əvvəlki qədər tələb edin, sayı azaltmayın. Onlar tənbəlləşiblər. Buna görə də hay-küy salıb: “Getmək istəyirik, Allahımıza qurban gətirmək istəyirik”, — deyirlər.  Onların işini daha da ağırlaşdırın ki, başları işə qarışsın, boş-boş sözlərə qulaq asmasınlar». 10  Nəzarətçilər+ və iş icraçıları gedib xalqa dedilər: «Firon belə deyir: “Daha sizə saman verməyəcəyəm. 11  Gedin, özünüz haradan istəyirsiniz tapın. İşinizi isə azaltmayacağam”». 12  Beləliklə, xalq bütün Misir torpağına səpələnib saman əvəzinə küləş yığmağa başladı. 13  Nəzarətçilər isə gedib-gəlib deyirdilər: «Hər kəs saman verilən vaxt olduğu kimi, indi də gündəlik işi yerinə yetirsin». 14  Sonra isə fironun nəzarətçiləri israillilərin üzərinə qoyduqları iş icraçılarını döyüb+ dedilər: «Nəyə görə nə dünən, nə də bu gün əvvəlki qədər kərpic kəsməmisiniz?» 15  Onda israillilərin iş icraçıları fironun yanına gedib şikayət etdilər: «Niyə qullarınla belə davranırsan? 16  Qullarına saman vermirlər, amma “kərpic kəsin” deyirlər. Təqsir sənin adamlarındadır, döyülənsə bizik». 17  Firon isə dedi: «Siz tənbəlsiniz, tənbəl!+ Buna görə də: “Getmək istəyirik, Yehovaya qurban gətirmək istəyirik”,+ — deyirsiniz. 18  Gedin işləyin! Sizə saman verilməyəcək, amma əvvəlki sayda kərpic kəsməlisiniz». 19  İsraillilərin iş icraçıları «gündəlik kərpic sayını azaltmamalısınız» əmrini eşidəndə anladılar ki, işləri fənadır. 20  Onlar fironun yanından çıxanda bayırda onları gözləyən Musa və Harunu görüb dedilər: 21  «Qoy sizinlə Yehova Özü bilsin. Sizin ucbatınızdan fironun, əyanlarının nifrətinə tuş olduq. Siz onların əlinə qılınc verdiniz ki, əhədimizi kəssinlər».+ 22  Onda Musa Yehovaya üz tutub dedi: «Yehova, niyə bu xalqı bəlaya saldın? Niyə məni göndərdin? 23  Fironun qarşısında Sənin adından+ danışdığım gündən bəri o, xalqa zülm verir.+ Sən isə xalqının dadına yetişmirsən».+

Haşiyələr

İş icraçıları israillilərin arasından seçilirdi.