İbranilərə məktub 13:1—25

  • Yekun nəsihətlər və salam-dua (1—25)

    • Qonaqpərvərliyi unutmayın (2)

    • Qoy hər kəs nikaha hörmət etsin (4)

    • Rəhbərlik edənlərə itaət (7, 17)

    • Mədh qurbanları təqdim edin (15, 16)

13  Aranızda daim qardaşlıq məhəbbəti olsun.+  Qonaqpərvərliyi yaddan çıxarmayın,+ çünki bəziləri bunun sayəsində heç özləri də bilmədən mələkləri qonaq etmişlər.+  Həbsdə olanları yaddan çıxarmayın,+ elə bilin ki, siz də onlarla birgə həbsdəsiniz,+ pis rəftara məruz qalanları da unutmayın, çünki siz özünüz də hələ yerdə yaşayırsınız*.  Qoy hər kəs nikaha hörmət etsin və nikah yatağı ləkəsiz olsun,+ çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək.+  Həyatınızda pulpərəstliyə yer verməyin,+ nəyiniz varsa, ona qane olun,+ çünki Allah deyib: «Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm».+  Buna görə də biz cəsarətlə deyirik: «Yehova dayağımdır, əsla qorxmaram. İnsan mənə nə edə bilər?!»+  Sizə rəhbərlik edənləri unutmayın.+ Onlar sizə Allahın sözünü danışıblar. Bu qardaşların davranışının hansı bəhrələr gətirdiyini diqqətlə müşahidə edərək onların imanını örnək götürün.+  İsa Məsih dünən, bu gün və əbədiyyən eynidir.  Müxtəlif yad təlimlərə uyub yolunuzdan azmayın, çünki ürək qida ilə* yox, Allahın lütfü ilə qüvvətlənsə daha yaxşıdır. Qidaya aludə olan adam ondan bir xeyir tapmayıb.+ 10  Bizim elə bir qurbangahımız var ki, çadırda müqəddəs xidməti icra edənlərin ondan qidalanmağa haqqı yoxdur.+ 11  Qanı günah qurbanı kimi baş kahin tərəfindən Ən müqəddəs yerə gətirilən heyvanların leşi düşərgədən kənarda yandırılır.+ 12  Ona görə İsa da xalqı öz qanı ilə+ müqəddəs etmək üçün şəhər darvazasından bayırda əzab çəkdi.+ 13  Gəlin onun daşıdığı rüsvayçılığı üzərimizə götürək və düşərgədən çıxıb ona tərəf gedək.+ 14  Çünki yer üzündə bizim daimi şəhərimiz yoxdur, biz səbirsizliklə gələcəkdəki şəhəri gözləyirik.+ 15  Belə isə, gəlin İsanın vasitəsilə hər zaman Allaha mədh qurbanı,+ Onun adını bəyan edən+ dilimizin bəhrəsini+ təqdim edək. 16  Bundan başqa, yaxşılıq etməyi, varınızı başqaları ilə bölüşməyi yaddan çıxartmayın,+ çünki bu cür qurbanlar Allaha xoşdur.+ 17  Sizə rəhbərlik edənlərə itaət edin,+ onlara tabe olun,+ axı onlar hesabat verəcək adamlar kimi gecə-gündüz sizin qeydinizə qalırlar.+ Qoyun onlar bunu ah-zarla yox, sevinclə etsinlər ki, sizə zərər dəyməsin. 18  Bizdən ötrü həmişə dua edin, çünki vicdanımızın təmiz olduğuna əminik, axı hər sahədə dürüst olmaq istəyirik.+ 19  Tezliklə yanınıza qayıda bilməyim üçün mənə görə dua etməyinizi xüsusilə xahiş edirəm. 20  Arzumuz budur ki, qoyunların böyük çobanı+ olan Ağamız İsanı əbədi əhdin qanı vasitəsilə diriltmiş sülh Allahı 21  Onun iradəsini icra etmək üçün sizi hər cür yaxşı şeylə təchiz etsin və Ona məqbul nə varsa, İsa Məsih vasitəsilə bizdə yetişdirsin. Ona əbədiyyən alqış olsun! Amin. 22  Qardaşlar, sizdən rica edirəm, bu ruhlandırıcı sözlərimə səbirlə qulaq asın, çünki yazdığım bu məktub o qədər də böyük deyil. 23  Onu da deyim ki, qardaşımız Timuti həbsdən buraxılıb. Əgər o, bu yaxınlarda gəlsə, birlikdə sizi görməyə gələcəyik. 24  Sizə rəhbərlik edən qardaşların hamısına və bütün müqəddəslərə salamlarımı çatdırın. İtaliyadakı+ bacı-qardaşların da sizə salamı var. 25  Allahın lütfü hamınıza yar olsun!

Haşiyələr

Digər variant: elə bilin ki, siz də onlarla əzab çəkirsiniz.
Yəni qida ilə bağlı qaydalarla.