Kontentə keç

Mündəricatı göstər

Gözəl gələcəyə real ümid

Gözəl gələcəyə real ümid

 Gələcəyə ümidlə baxırsınız? Bu gün üzləşdiyimiz ciddi problemlərə rəğmən, çoxları ümidini üzmür. Sizcə, vəziyyətin yaxşılaşacağını düşünmək üçün həqiqətənmi əsas var? Bəli! Müqəddəs Kitab gözəl gələcəyə real ümid verir.

 Müqəddəs Kitab hansı ümidi verir?

 Bu gün bəşəriyyət dəhşətli problemlərlə üzləşir. Bunu Müqəddəs Kitab da təsdiq edir. Bununla belə, orada deyilir ki, bugünkü problemlər əbədiyyən davam etməyəcək. Bir neçə nümunəyə baxaq.

  •   Problem: evsizlik

     Müqəddəs Kitabda deyilir: «Onlar evlər tikib içində yaşayacaq» (Əşiya 65:21).

     Bu sözlər gələcəkdə necə yerinə yetəcək? Bütün insanların öz evi olacaq.

  •   Problem: işsizlik və kasıbçılıq

     Müqəddəs Kitabda deyilir: «Seçilmişlərim əllərinin zəhmətindən doyunca zövq alacaq» (Əşiya 65:22).

     Bu sözlər gələcəkdə necə yerinə yetəcək? Hər kəs sevdiyi faydalı işlə məşğul olacaq.

  •   Problem: haqsızlıq

     Müqəddəs Kitabda deyilir: «Rəhbərlər ədalət uğrunda başçılıq edəcək» (Əşiya 32:1).

     Bu sözlər gələcəkdə necə yerinə yetəcək? İrqi, sosial və iqtisadi bərabərsizlik həmişəlik yox olacaq. Hamı ilə ədalətlə rəftar ediləcək.

  •   Problem: aclıq və ərzaq qıtlığı

     Müqəddəs Kitabda deyilir: «Yerdə çörək bol olacaq, dağ başında zəmilər aşıb-daşacaq» (Zəbur 72:16).

     Bu sözlər gələcəkdə necə yerinə yetəcək? Hamının bol sağlam qidası olacaq. Heç kəs aclıqdan və ərzaq qıtlığından əziyyət çəkməyəcək.

  •   Problem: cinayətkarlıq və zorakılıq

     Müqəddəs Kitabda deyilir: «Hər kəs öz meynəsinin, öz əncir ağacının altında oturacaq, onları qorxudan olmayacaq» (Mikə 4:4).

     Bu sözlər gələcəkdə necə yerinə yetəcək? Hər kəs özünü tam təhlükəsizlikdə hiss edəcək, çünki pis insanlar olmayacaq və «salehlər yerə sahib olacaq» (Zəbur 37:10, 29).

  •   Problem: müharibələr

     Müqəddəs Kitabda deyilir: «Xalq xalqın üstünə qılınc qaldırmayacaq, artıq müharibə etməyi öyrənməyəcəklər» (Əşiya 2:4).

     Bu sözlər gələcəkdə necə yerinə yetəcək? Bütün yer üzündə sülh hökm sürəcək (Zəbur 72:7). Heç kimin əzizi müharibədə həlak olmayacaq, heç kim qaçqın düşməyəcək.

  •   Problem: xəstəliklər

     Müqəddəs Kitabda deyilir: «Heç bir sakin «“xəstəyəm” deməyəcək» (Əşiya 33:24).

     Bu sözlər gələcəkdə necə yerinə yetəcək? İnsanlar daha xəstələnməyəcək, əlillik, şikəstlik olmayacaq (Əşiya 35:5, 6). Müqəddəs Kitabda vəd edilir ki, hətta «ölüm olmayacaq» (Vəhy 21:4).

  •   Problem: ətraf mühitə vurulmuş ziyan

     Müqəddəs Kitabda deyilir: «Səhra və quraq torpaq sevinəcək, düzlər şadlanacaq, zəfərantək çiçəklənəcək» (Əşiya 35:1).

     Bu sözlər gələcəkdə necə yerinə yetəcək? Allah əzəldən niyyət etdiyi kimi, insanlar cənnətə çevrilmiş yer üzündə yaşayacaq (Yaradılış 2:15; Əşiya 45:18).

 Gözəl gələcək bir xülyadır?

 Düzdür, buna inanmaq çətindir. Amma yaxşı olardı ki, Müqəddəs Kitabda gələcəklə bağlı deyilən digər məlumatlarla da tanış olasınız. Nəyə görə? Çünki Müqəddəs Kitabda qələmə alınmış vədlər, insanların verdiyi vəd və proqnozlardan fərqlənir. Müqəddəs Kitabdakı vədlər Allahın vədləridir. Görün onlara etibar etmək üçün hansı səbəblərimiz var:

  •   Allah etibara layiqdir. Müqəddəs Kitabda deyilir ki, «Allah heç vaxt yalan [danışmır]» (Titusa 1:2). Bundan əlavə, yalnız Allah gələcəyi deməyə qadirdir (Əşiya 46:10). Allah nə deyirsə, hamısı yerinə yetir. Müqəddəs Kitabda buna dair saysız-hesabsız nümunələr var. Daha ətraflı məlumat üçün «Müqəddəs Kitabın doğruluğuna necə əmin ola bilərik?» adlı videoya baxın.

  •   Allah problemlərimizi həll etməyə qadirdir. Müqəddəs Kitabda deyilir ki, Allah «istədiyi hər şeyi edir» (Zəbur 135:5, 6). Başqa sözlə, heç bir qüvvə Allaha vədini yerinə yetirməyə mane ola bilməz. Allah həm də bizi sevdiyi üçün bizə kömək etmək istəyir (Yəhya 3:16).

 Bununla belə, sizdə sual yarana bilər: «Əgər Allah bizə kömək etmək istəyirsə və buna qadirdirsə, onda nəyə görə dünyada hələ də bu qədər problem var?» Bu suala cavabı «Nə üçün Allah zülmə son qoymur?» videosunda tapa bilərsiniz.

 Bu ümid necə gerçəkləşəcək?

 Allah vədlərini Padşahlığı, yəni göydə qurulmuş hökuməti vasitəsilə gerçəkləşdirəcək. Allah İsa Məsihi bu hökumətin başçısı təyin edib. Allah ona Yer kürəsinin və insanların qayğısına qalmaq səlahiyyətini verib. İsa yer üzündə olanda xəstələrə şəfa verir, acları yedizdirir, təbiət qüvvələrini idarə edir və hətta ölüləri dirildirdi (Mark 4:39; 6:41—44; Luka 4:40; Yəhya 11:43, 44). Bununla o göstərdi ki, Allahın Padşahlığının Padşahı kimi gələcəkdə hansı işləri görəcək.

 Allahın Padşahlığının sizə gətirəcəyi nemətlər haqda öyrənmək üçün «Allahın Padşahlığı» adlı videoya baxın.

 Bu ümid nə zaman gerçəkləşəcək?

 Az qalıb! Bunu haradan bilirik? Müqəddəs Kitabda qələmə alınmış peyğəmbərliklər göstərir ki, tezliklə Allahın Padşahlığı bütün yer üzünü idarə edəcək (Luka 21:10, 11). Hal-hazırda dünyada hökm sürən vəziyyət həmin peyğəmbərliklərin yerinə yetməsidir.

 Daha ətraflı məlumat üçün «Allahın Padşahlığı yer üzünü nə zaman idarə edəcək?» adlı məqaləni oxuyun.

 Müqəddəs Kitabın verdiyi ümid bu gün bizə necə kömək edir?

 Allahın Kəlamını qələmə alanlardan biri Müqəddəs Kitabın verdiyi ümidi «gəmi lövbəri»nə bənzədib (İbranilərə 6:19). Lövbər qasırğa zamanı gəmini bir yerdə möhkəm saxladığı kimi, Müqəddəs Kitabın verdiyi etibarlı ümid də bu həyatda üzləşdiyimiz istənilən çətinlik zamanı möhkəm qalmağa kömək edir. Bu ümid bizi ruhdan düşməyə qoymur, hətta emosional və fiziki sağlamlığımıza müsbət təsir göstərir (1 Salonikililərə 5:8).