Kontentə keç

Mündəricatı göstər

Dünyadakı qida qıtlığı barədə Müqəddəs Kitabda nə deyilir?

Dünyadakı qida qıtlığı barədə Müqəddəs Kitabda nə deyilir?

 «Acların sayı sıfıra enəcək». Bu, bəşəriyyətin ən böyük problemlərindən biri olan aclıq probleminin həlli üçün dünya liderlərinin qarşısına qoyduğu məqsəddir a. Bəs aclıq problemi nə vaxtsa həll olunacaq? Müqəddəs Kitabda bu barədə nə deyilir?

Qida qıtlığı Müqəddəs Kitabda peyğəmbərlik olunmuşdu

 Müqəddəs Kitabda əvvəlcədən deyilmişdi ki, «axırzaman» adlanan yaşadığımız bu dövrdə qida qıtlığı olacaq (2 Timutiyə 3:1). Qida qıtlığının səbəbkarı Allah deyil, amma O belə bir problemin olacağı barədə bizi xəbərdar etmişdi (Yaqub 1:13). Gəlin Müqəddəs Kitabda yazılmış iki peyğəmbərliyə baxaq.

 «Gah burada, gah orada qıtlıq... olacaq» (Mətta 24:7). Müqəddəs Kitabda aclıq olacağı əvvəlcədən deyilmişdi. Ərzaq təchizatının monitorinqi ilə məşğul olan mütəxəssislərin son hesabatında deyilir: «Dünya aclıq, ərzaq təchizatı və sağlam qida problemlərinin həllində irəliləmək əvəzinə daha da geri gedir» b. Onlarla ölkədə yüz milyonlarla insan ehtiyac duyduğu qidanı əldə edə bilmir. Əfsuslar olsun ki, buna görə çoxları həyatını itirir.

 «Budur: meydana qara at çıxdı. Onun belində oturanın əlində tərəzi vardı» (Vəhy 6:5). Bu peyğəmbərlikdə simvolik at və onun üzərində oturan atlı son günlərdə olacaq aclığı təmsil edir c. Atlının əlindəki tərəzi az miqdarda olan qidanı çəkmək üçündür. Atlı keçəndə gələn səs insanları xəbərdar edir ki, ərzağın qiyməti çox qalxacaq, ona görə də ondan qənaətlə istifadə etsinlər (Vəhy 6:6). Bu, bugünkü qlobal qida böhranını dəqiqliklə təsvir edir. Milyardlarla insan ya sağlam qida tapa bilmir, ya da onların ərzaq almağa imkanı olmur.

Qida qıtlığına son qoyulacaq

 Mütəxəssislər deyir ki, planetimiz yer üzündə yaşayan bütün canlılara yetəcək qədər qida istehsal edir. Bəs onda niyə qida qıtlığı var? Müqəddəs Kitaba əsasən Yaradanımız Yehova d bu problemi necə həll edəcək?

 Problem: Hökumətlər aclığa səbəb olan kasıblıq və ədalətsizliyi aradan qaldıra bilmir.

 Həlli: Qeyri-kamil insan hökumətlərini kamil hökumət, yəni Allahın Padşahlığı əvəz edəcək (Dənyal 2:44; Mətta 6:10). Bu gün kasıb insanların çoxu özləri üçün kifayət qədər ərzaq əldə edə bilmir. Amma Allahın Padşahlığının rəhbərliyi altında vəziyyət tam fərqli olacaq. Müqəddəs Kitabda Allahın Padşahlığının padşahı İsa Məsih haqqında deyilir: «O, imdad deyib çağıran fağırı, məzlumu, biçarəni xilas edəcək... Yerdə çörək bol olacaq, dağ başında zəmilər aşıb-daşacaq» (Zəbur 72:12, 16).

 Problem: Müharibələr dağıntılara və iqtisadi böhrana səbəb olur. Buna görə də insanlar özlərini qida ilə təmin etməkdə çətinlik çəkirlər.

 Həlli: «[Yehova] yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir, kamanı qırır, nizəni sındırır, cəng arabalarını oda atır» (Zəbur 46:9). Allah müharibədə istifadə olunan silahları və müharibələrin səbəbkarlarını məhv edəcək. Nəticədə, hər kəs qidanı asanlıqla və təhlükəsiz şəkildə əldə edəcək. Müqəddəs Kitabda vəd olunur: «Saleh adam çiçəklənəcək,.. hər yanda sülh olacaq» (Zəbur 72:7).

 Problem: Ekstremal hava şəraiti və təbii fəlakətlər əkin sahələrini məhv edir və mal-qaranı tələf edir.

 Həlli: Allah yer üzündəki təbii qüvvələri nəzarətdə saxlayacaq və ərzaq istehsalı üçün əlverişli şərait yaradacaq. Müqəddəs Kitabda deyilir: «[Yehova] qasırğanı ram edir, dənizin dalğaları yatır... Səhralığı gölə çevirir, quraq yerdə çeşmələr qaynadır. Acları orada məskunlaşdırır... Onlar əkin əkir, üzümlüklər salırlar, bol məhsul toplayırlar» (Zəbur 107:29, 35—37).

 Problem: Acgöz və rüşvətxor insanlar təhlükəli ərzaq istehsal edir və ya ərzaq məhsullarının tələbat olan ərazilərə çatdırılmasının qarşısını alır.

 Həlli: Allahın Padşahlığı bütün nadürüst və rüşvətxor insanları yox edəcək (Zəbur 37:10, 11; Əşiya 61:8). Müqəddəs Kitabda deyilir ki, Yehova Allah «məzlumun haqqını qoruyur, aclara çörək verir» (Zəbur 146:7).

 Problem: Hər il dünyada istehsal olunan ərzağın üçdə biri israf olunur və ya tullanılır.

 Həlli: Allahın Padşahlığının hakimiyyəti altında ərzaq ehtiyatından düzgün istifadə olunacaq. Yer üzündə olanda İsa yol vermirdi ki, qida zay olsun. Məsələn, bir dəfə o, möcüzəvi şəkildə 5000 nəfəri yedizdirmişdi. Sonra o, şagirdlərinə belə göstəriş vermişdi: «Artıq qalan tikələri yığın ki, heç nə zay olmasın» (Yəhya 6:5—13).

 Allahın Padşahlığı aclığın kökünü kəsəcək. Ona görə də bütün insanlar qida bolluğundan, sağlam yeməklərdən həzz alacaq (Əşiya 25:6). Bunun nə vaxt olacağını öyrənmək üçün «Allahın Padşahlığı yer üzünü nə zaman idarə edəcək?» adlı məqaləni oxuyun.

a 2015-ci ildə BMT-nin bütün üzv dövlətləri tərəfindən qəbul olunmuş Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi.

b BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu, BMT-nin Uşaq Fondu, BMT-nin Ümumdünya Ərzaq Proqramı və Ümumdünya Səhiyyə Təşkilatının birgə hesabatı.

c Vəhy kitabındakı dörd atlı haqqında daha çox öyrənmək üçün «Axırzaman carçıları və gələcəyiniz» adlı məqaləni oxuyun.

d «Yehova» tək olan Allahın adıdır (Zəbur 83:18). «Yehova kimdir?» məqaləsinə baxın.