Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Arıqlamaq üçün nə edə bilərəm?

Arıqlamaq üçün nə edə bilərəm?

 Arıqlamaq üçün nə edə bilərəm?

 Bəzi yeniyetmələr arıqlamaq istəyirlər, amma...

  •   Çoxlarını sağlamlıqlarından çox, xarici görünüşləri maraqlandırır. Bəziləri tez arıqlamaq üçün yemək yemirlər, yaxud arıqladan dərmanlar içirlər. Adətən, bu cür üsulların köməyi dəymir, bəzən isə hətta sağlamlığa zərər vurur.

     «Bəzi qızlar arıqlamaq üçün az qala özlərini acından öldürürlər. Amma bunun, adətən, fəsadları olur. Orqanizm uzun müddət özünə gələ bilmir» (Heyli).

  •   Arıqlamaq istəyənlərin çoxuna, əslində, heç arıqlamaq lazım deyil. Əslində, onların çəkisi normaldır. Amma özlərini yaşıdları ilə, yaxud mediada reklam olunan arıq modellərlə müqayisə edəndə kök olduqlarını düşünürlər.

     «13 yaşım olanda özümü dostlarımla müqayisə edirdim. Fikirləşirdim ki, onlar kimi görünsəm, yəni bir dəri, bir sümük olsam, məndən lap çox xoşları gələcək» (Paula).

 Bəzi gənclərə isə, həqiqətən də, arıqlamaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən...

  •   Bütün dünyada 5—19 yaş arası təxminən 340 milyon gənc artıq çəkidən əziyyət çəkir.

  •   1975-ci ildə 5—19 yaş arası gənclərin cəmi 4 faizinin çəkisi normadan artıq idi. 2016-cı ildə isə bu rəqəm 18 faizə qalxmışdı.

  •   Bir çox ölkələrdə köklük daha geniş yayılıb.

  •   Köklük kasıb ölkələrdə də, hətta lazımi qidaları qəbul edə bilməyən ailələrdə də geniş yayılıb.

 Arıqlamaq üçün ən yaxşı üsul nədir?

 Sən hansını seçərdin?

  1.   Yemək yeməmək.

  2.   Tarazlı pəhrizlə yanaşı idman etmək.

  3.   Arıqladan dərmanlar içmək..

 Düzgün cavab: 2-ci üsul: Tarazlı pəhrizlə yanaşı idman etmək.

 Yemək yeməməklə, yaxud müəyyən qrup qidalardan imtina etməklə, bəlkə də, tez arıqlamaq olar. Amma bu üsullar sağlamlığa zərərdir və insan adət etdiyi kimi yeməyə başlayanda yenidən çəkisi artır.

 Əgər məqsədin sağlam olmaqdırsa, o zaman həm yaxşı görünəcəksən, həm də özünü yaxşı hiss edəcəksən. Doktor Maykl Bredli yazır: «Ən təhlükəsiz, sağlam üsul odur ki, insan həyat tərzini dəyişib, daima ona uyğun yaşasın. Bu zaman əldə olunan nəticələr də daimi olacaq» a. Yəni sənə arıqlamaq lazımdırsa, pəhriz saxlamağı yox, həyat tərzini dəyişməyi düşün.

 Hərəkət planı

 Müqəddəs Kitabda deyilir ki, biz hər şeydə, eləcə də, yeməkdə hədd bilməliyik (1 Timutiyə 3:11). Orada hətta konkret yazılıb ki, yeməkdə həddi aşmamalıyıq (Məsəllər 23:20; Luka 21:34). Bu prinsipləri yadda saxlayaraq sağlam həyat tərzini mənimsəmək üçün növbəti məsləhətlərə əməl etməyə çalış:

  •   Sağlam qidalanmağın nə demək olduğunu öyrən.

     Fanatik olma, amma qidalanma ilə bağlı bir qədər məlumat əldə elə. O zaman tarazlı pəhriz saxlaya biləcəksən. Çəkini normada saxlamaq üçün isə tarazlı pəhriz ən yaxşı üsullardan biridir.

  •   Müntəzəm idman et.

     Hərəkətdə olmaq üçün gündəlik məşğuliyyətlərin barədə düşün. Məsələn, mərtəbələri liftlə çıxmaq əvəzinə, pilləkənlə çıx. İnternetdə olduğun vaxtın yarım saatını açıq havada sürətli yerişə ayır.

  •   Zərərli qidaları sağlam qida ilə əvəz et.

     «Mən çalışıram yanımda həmişə meyvə-tərəvəz olsun. Onda faydasız yeməklər məni özünə cəlb etmir», — deyə Sofiya adlı bir yeniyetmə deyir.

  •   Yavaş-yavaş ye.

     Bəziləri elə tez-tez yeyirlər ki, bədənin «stop» siqnalını eşitmirlər. Ona görə də yavaş-yavaş ye. Əlavə yemək çəkməzdən əvvəl əl saxla. Bəlkə də, hiss edəcəksən ki, düşündüyün qədər ac deyilsən.

  •   Qəbul etdiyin kalorilər barədə məlumatın olsun.

     Qəbul etdiyin qidada nə qədər kalori olduğunu bilmək üçün məhsulun üstündəki məlumatı oxu. Şirin içkilərdə, fastfud və desertlərdə kalori çox olur və bunlar kökəlməyə səbəb olur.

  •   Tarazlı ol.

     16 yaşlı Sara deyir: «Bir ara o qədər kalori hesablayırdım ki, boşqaba baxanda ancaq rəqəmlər görürdüm!» «Kalori mühasibi» olma. Arada kalorini fikirləşmədən ürəyin istəyəni ye.

 Məsləhət: Çəkin barədə həkimlə danış. O, səhhətini nəzərə alıb, sənə sağlam həyat tərzi sürmək üçün məsləhətlər verə bilər.

a «When Things Get Crazy With Your Teen» adlı kitabdan.