Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Bəlkə, ayrılaq? I hissə

Bəlkə, ayrılaq? I hissə

 Bəzi hallarda ən yaxşısı ayrılmaqdır. Cilin hadisəsinə nəzər salaq. O deyir: «İstədiyim oğlanın həmişə kiminlə və harada olduğumu, nə etdiyimi soruşması əvvəl-əvvəl xoşuma gəlirdi, amma iş o yerə gəlib çıxdı ki, ondan başqa heç kəslə vaxt keçirməyə imkan vermirdi. Hətta ailəmlə, xüsusilə də atamla bir yerdə olanda məni qısqanırdı. Münasibətlərimizə son qoyanda, elə bil, çiyinlərimdən ağır bir yük götürüldü!»

 Saranın da başına buna bənzər hadisə gəlmişdi. O fikir verdi ki, görüşdüyü oğlan Con rişxəndçi, tələbkar və kobuddur. Sara deyir: «Bir dəfə məni düz üç saat qapının ağzında gözlətdi. Anam qapını açanda isə onu görməzdən gəldi və mənə: “Tez ol getdik, gecikirik!” — dedi. “Mən gecikdim” yox, “Biz gecikirik”. O heç üzr də istəmədi və heç nə izah etmədi. Amma hər şeydən əvvəl, anama hörmət etməli idi!»

 Əlbəttə, bir səhv hərəkət və ya xasiyyətin hansısa mənfi cəhəti münasibətə son qoymalı olduğuna işarə etmir (Məzmur 130:3). Amma Sara Conun bu kobud hərəkətinin ani bir şey yox, onun xasiyyəti olduğunu başa düşəndə ayrılmaq qərarına gəldi.

 Əgər sən də, Cil və Sara kimi, görüşdüyün adamın sənə münasib həyat yoldaşı olmayacağını başa düşürsənsə, şübhələrinə barmaqarası baxma! Bununla razılaşmaq çətin olsa da, əmin ol ki, münasibətlərinə son qoymaq bu vəziyyətdə ata biləcəyin ən yaxşı addımdır. Süleymanın məsəlləri 22:3 ayəsində deyilir: «Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar».

 Düzdür, ayrılmaq o qədər də asan deyil. Amma evliliyin ömür boyu davam edəcək izdivac olduğunu nəzərə alsaq, indi müvəqqəti ağrı çəkmək ömür boyu peşman olmaqdan yaxşıdır.