Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Ünsiyyət bacarığımı necə inkişaf etdirim?

Ünsiyyət bacarığımı necə inkişaf etdirim?

 Üz-üzə danışmaq nəyə görə faydalıdır?

 Bəzi insanlar deyir ki, yazışmaqla müqayisədə üz-üzə danışmaq çətindir və gərginlik yaradır.

 «Danışanda daha çox stres keçirirsən, çünki dediklərinə düzəliş edə, ya da onları silə bilməzsən» (Anna).

 «Yazışmaq əvvəlcədən yazıya alınmış proqrama bənzəyir, amma danışmaq canlı yayım kimidir. Söhbət zamanı düşündüyüm tək şey odur ki, bircə səhv buraxmayım» (Cen).

 Əvvəl-axır insanlarla üz-üzə söhbət etməyi öyrənməlisən. Məsələn, iş tapıb onu itirməmək, yeni dostlar tapmaq, yaxud da vaxtı çatanda görüşməyə başlamaq üçün bu qabiliyyət çox köməyinə çatacaq.

 Amma narahat olma, insanlarla üz-üzə söhbət qorxulu bir şey deyil. Utancaq olsan da, bunu bacara bilərsən.

 «Hərdən hamımız yanlış nə isə deyirik, sonra da dediyimiz sözə görə utanırıq. Özündən mükəmməllik gözləmə» (Nil).

 Söhbətə necə başlamaq olar?

  •   Suallar ver. İnsanlara maraqlı olan mövzu barədə fikirləş və sonra söhbətə başlamaq üçün həmin mövzudan istifadə et. Məsələn:

     «Keçən yayı haradasa dincəldin?»

     «Nə vaxtsa bu sayta rast gəlmisən? Çox maraqlı saytdır».

     «Xəbərin var..?»

     Daha konkret danışmaq üçün, həmin insanla ortaq mövzuları seç. Məsələn, ola bilsin, eyni məktəbdə oxuyursunuz, ya da eyni yerdə işləyirsiniz. Belə halda, elə bir mövzu seçə bilərsən ki, hər ikiniz üçün maraqlı olsun.

     «Elə mövzulardan suallar ver ki, sənin özünə də maraqlı olsun» (Maritsa).

     Ehtiyatlı ol: İnsanı sual atəşinə tutma. Həmçinin ehtiyatlı ol ki, şəxsi məsələlərə aid suallar verməyəsən. «Ən çox nədən qorxursan?» və ya «Niyə həmişə mavi rəngdə geyinirsən?» kimi suallar insanı pis vəziyyətdə qoya bilər. İkinci sual isə mühakimə kimi səslənə bilər!

     Həmsöhbətin cavab verməzdən əvvəl, yaxud sonra sual barədə özün də fikrini bölüşsən, onda insanda elə təəssürat yaranmayacaq ki, onu sual atəşinə tutmusan. Uzun sözün qısası, elə et ki, söhbətin müsahibəyə oxşamasın.

    Müstəntiq kimi suallar verirsən?

     Müqəddəs Kitab prinsipi: «Ürəyin düşüncələri dərin sulara bənzər, bəsirətli adam onları çəkib çıxarar» (Məsəllər 20:5).

  •   Dinlə. Əgər danışmaqdan çox dinləməyə üstünlük versən, onda söhbətin yaxşı alınacaq.

     «Məqsəd qoymuşam, söhbət etdiyim insan haqda yeni bir şey öyrənim. Sonra onun dediklərini yadımda saxlamağa çalışıram ki, növbəti söhbətimizdə ona bu haqda sual verim» (Tamara).

     Ehtiyatlı ol: Diqqətini söhbəti necə davam edəcəyinə cəmləmə. Həmsöhbətini diqqətlə dinləsən, onun dediklərinə uyğun nəsə deyə bilərsən.

     Müqəddəs Kitab prinsipi: «İnsan eşitməyə hazır olmalı, danışmağa... tələsməməlidir» (Yaqub 1:19).

  •    Səmimi maraq göstər. Söhbət etdiyin insana səmimi maraq göstərsən, ünsiyyətiniz maraqlı alınacaq.

     «Əgər insan görsə ki, ona səmimi maraq göstərirsən, söhbət zamanı bir-iki xırda səhvə yol versən də ümumilikdə ünsiyyətiniz xoş olacaq» (Mari).

     Ehtiyatlı ol: Sərhədi aşma! «Nə qəşəng palton var. Neçəyə almısan?» kimi suallar insanı pis vəziyyətdə qoya bilər.

     Müqəddəs Kitab prinsipi: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4).

 Bəs söhbəti necə bitirə bilərsən? Cordon adlı bir gənc deyir: «Söhbəti xoş sözlərlə bitir. “Səninlə söhbət etmək xoş oldu” və ya “Günün xoş olsun” kimi ifadələrlə sağollaşmaq növbəti söhbətiniz üçün zəmin yaradır».