Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Nəyə görə üzr istəməliyəm?

Nəyə görə üzr istəməliyəm?

 Növbəti vəziyyətlərdə nə edərdin?

  1.   Müəllim dərs vaxtı özünü pis apardığına görə səni danlayır.

     Müəllimdən üzr istəməlisən, hətta məsələni böyütdüyünü düşünsən də?

  2.   Dostun onun haqqında xoşagəlməz söz dediyindən xəbər tutur.

     Dostundan üzr istəməlisən, hətta dediyin sözün düz olduğunu düşünsən də?

  3.   Hirsini saxlamayıb atana cavab qaytarmısan.

     Atandan üzr istəməlisən, hətta onun səni əsəbləşdirdiyini düşünsən də?

 Bütün bu sualların cavabı «bəli»dir. Bəs nəyə görə hətta özünü təqsirkar bilməsən də, üzr istəməlisən?

 Nəyə görə üzr istəmək lazımdır?

  •   Üzr istəmək yetkinlik əlamətidir. Dediyin və etdiyin şeylərə görə məsuliyyəti üzərinə götürəndə göstərirsən ki, yetkin insana lazım olan əsas xüsusiyyətləri özündə yetişdirirsən.

     «Təvazökarlıq və səbir adama üzr istəməyə və qarşındakı insanı dinləməyə kömək edir» (Reyçel).

  •   Üzr istəmək barışmağa kömək edir. «Bağışla» deməyi bacaran insan göstərir ki, özünün haqlı, qarşı tərəfin haqsız olduğunu sübut etmək yox, sülh yaratmaq istəyir.

     «Hətta təqsirkar olmadığını düşünsən də, əsas məsələ sülh yaratmaq olmalıdır. “Bağışla” deməklə heç kim ölmür, amma dostluq möhkəmlənir» (Miriyam).

  •   Üzr istəyəndə insan özünü yaxşı hiss edir. Sözlə və ya hərəkətlə kiminsə qəlbini yaralamağın verdiyi peşmançılıq ağır yükdür. Üzr istəyəndə isə həmin yükü çiynindən atırsan a.

     «Bəzən anamla və ya atamla düşünmədən danışırdım. Özümü pis hiss edirdim, amma üzr istəməyə də çətinlik çəkirdim. Üzr istəyəndə isə ürəyim rahat olurdu, çünki ailəmizdə sülh olurdu» (Nia).

    Peşmançılıq ağır yük kimidir, üzr istəyəndə o yükdən azad olursan

 Üzr istəmək asandır? Xeyr. Dina adlı gənc qız dəfələrlə olub ki, anasına qarşı etdiyi kobudluğa görə üzr istəməli olub. O deyir: «“Bağışla” demək asan deyil. Elə bil, adamın dilindən daş asılır, sözü heç cür dilinə gətirə bilmirsən!»

 Necə üzr istəmək lazımdır?

  •   Mümkündürsə, insandan üz-üzə üzr istə. Belə edəndə qarşındakı insan sənin səmimi-qəlbdən peşman olduğunu görür. Ancaq sms-lə üzr istəyəndə insan səmimiyyətinə inanmaya bilər. Hətta sms-də kədərli emoji qoysan da, üzrxahlığın ona səmimi gəlməyə bilər.

     Məsləhət. Əgər insandan üz-üzə üzr istəyə bilmirsənsə, ona zəng etmək, yaxud açıqca yazmaq olar. Hansı üsulu seçirsən-seç, deyəcəyin sözləri yaxşı-yaxşı götür-qoy et.

     Müqəddəs Kitab məsləhəti: «Saleh adam cavab verməzdən qabaq ürəyində fikirləşər» (Məsəllər 15:28).

  •   Dərhal üzr istə. Məsələ nə qədər uzansa, bir o qədər ciddi görünəcək və səninlə xətrinə dəydiyin insan arasında anlaşılmazlıqlar artacaq.

     Məsləhət. Qarşına məqsəd qoy. Məsələn, «bu gün üzr istəyəcəyəm». Özünə vaxt qoy və dediyini et.

     Müqəddəs Kitab məsləhəti: «Çalış məsələni tez həll edəsən» (Mətta 5:25).

  •   Səmimi-qəlbdən üzr istə. «Bilməzdim ki, sənin xətrinə dəyər» sözləri üzr istəmək deyil! «Hərəkətinə görə məsuliyyəti üzərinə götürdüyünü görəndə xətrinə dəydiyin insan adətən sənə hörmətlə yanaşır», — deyə Janel qeyd edir.

     Məsləhət. Üzr istəyəndə minnət qoyma. Sözlərindən belə çıxmasın: «Sən səhvini boynuna alsan, mən də öz səhvimə görə üzr istəyərəm».

     Müqəddəs Kitab məsləhəti: «Buna görə də gəlin sülhə aparan... şeylərə can ataq (Romalılara 14:19).

a Kiminsə əşyasını itirmisənsə, yaxud zərər vurmusansa, yaxşı olardı ki, üzr istəməklə yanaşı, vurduğun zərəri də ödəyəsən.